среда, 5 сентября 2012 г.

Yaşıl Kitab. II-ci fəsil.


  İkinci fəsil

  İqtisadi problemin həlli (sosializm)

  Əmək və əməyin ödənilməsi probleminin həlli yolunda tarixən mühum nəticələr əldə edilsə də, daha doğrusu, işçilərlə iş sahibləri, sahibkarlarla istehsalçılar arasındaki münasibətlər, iş vaxtından artıq görülən iş haqqının müəyyən edilməsi, işçilərin müəssəsinin gəlirində və idarə edilməsində iştirakı, işdən əsassız çıxardılmanın qadağan edilməsi, sosial təminat, tətil haqqı sahələrində və müasir qanunvericiliyin tərkib hissəsi olan əmək haqqında qanunların nəzərdə tutduğu başqa sahələrdə deyişiklər yaransa da, habelə mülkiyyət münasibətləri sahəsində əhəmyyətinə görə heç də aşağı olmayan bir sıra nailiyyətlər qazanılsa da, məsələn, mədaxilinin məhdulaşdırılmasına dair qərarlar, xüsusi mülkiyyəti qadağan edən və onu dövlətin sərəncamına verən qanunlar qəbul edilsə də, bu dəyişikliklərin iqtisadi problemin tarixində əhəmiyyətini heç cür azaltmadan qeyd edilməlidir ki, iqtisadi problem hələ də öz qəti həllini gözləyir. Bu sahədə ixtisara salmaq, yaxşılaşdırmaq, düzgün istiqamətə vermək yolu ilə həyata keçirilən tədbirlər və dəyişikliklər keçmiş vaxtlarla müqayisədə problemin kəskinliyini azaltsa da, işçilərin bir çox tələblərin ödənilməsi ilə nəticələnsə də, müasir dünyada iqtisadi problem hələ də öz həllini tapmamışdır. Bu problem mülkiyyət münasibətləri sahəsində həll etmək cəhdləri istehsalçılarla əlaqədar bir çox müşkülləri aradan qaldıra bilməmişdir - ən mühafizəkar mülkiyyət formalarından ən mütərəqqi mülkiyyət formalarına keçilməsinə və bu formalar arasında bir neçə orta forma üzərində dayanılmasına baxmayaraq, istehsalçılar hələ də muzdlu işçilər olaraq qalmaqdadırlar.
  Əmək haqqı sahəsində mülkiyyət sahəsi ilə müqayisədə heç də az cəhd göstərilməmişdir. Əmək haqqı məsələsinin həllinə yönəldilmiş tədbirlər nəticəsində əmək adamları bir sıra imtiyazlar əldə etmişlər. Bu imtiyazlara qanunlarda təminat verilmişdir və həmkarlar ittifaqı tərəfindən qorunur. İstehsalçıların sənaye inqilabı ərəfəsində keçirdikləri ağır vəziyyət yaxşılaşmağa doğru dəyişmiş, zaman keçdikcə fəhlələr, texniki mütəxəssislər və idarə işçiləri əvvəllər əlçatmaz görünən bir sıra hüquqlar qazanmışlar. Lakin əslində iqtisadi problem hələ də mövcuddur.
  Əmək haqqı sahəsində həyata keçirilən tədbirlər məsələni heç də həll etməmişdir. Bu tədbirlər əmək adamlarının hüquqlarını etiraf etməkdən daha çox ehsan lütf etməyə bənzəyən riyakar islahatçılıq cəhdindən başqa bir şey deyildir. İşçilərə əmək haqqı niyə verilir? Ona görə ki, onlar istehsal prosesini onlar özü üçün məhsul istehsal etməkdən ötrü muzdla işə götürmüş bir başqasının xeyrinə həyata keçirirlər. Deməli onlar istehsal etdiyi məhsulu özləri istehlak etmirlər, onu əmək haqqı müqabilində başqasına verirlər, halbuki düzgün qayda belədir: kim istehsal edirsə, o da istehlak edir...
  Muzdlu işçilərin əmək haqqı nə qədər çox olsa da, onlar bir növ kölədirlər.
  Muzdlu işçi onu muzdla işə götürmüş sahibkarın yarımköləsidir, həm də o müvəqqəti kölədir və onun köləliyi kimliyindən asılı olmayaraq iş sahibindən - ayrıca fərddənmi, yaxud dövlətdənmi - aldığı muzd müqabilində öz işini yerinə yetirincə davam edəcəkdir.
  İşçilər mülkiyyətçilərə və ya istehsal müəssisələri ilə münasibətləri baxımından, habelə öz şəxsi mənafelərinə görə eynidirlər - mülkiyyət formalarının mühafizəkar formalarından tutmuş mütərəqqi formalarına qədər müxtəlif olduğuna baxmayaraq, onlar hazırda dünyada mövcud olan bütün mülkiyyət formaları şəraitində ancaq muzdlu işçilərdir.
  Hətta dövlət təsərrufat müəssisəsi də öz işçilərinə ancaq əmək haqqı verir və xüsusi təsərrufat müəssisələrin sahibləri olan varlıların öz işçilərinə lütf etdikləri ehsana daha çox bənzəyən sosial yardım göstərir.
  Əgər işçilərin şəxsi mənafeyini deyil, cəmiyyətin ümumi mənafeyini nəzərə alsaq, dövlət mülkiyyəti şəraitində mədaxilin cəmiyyətə, o cümlədən işçilərin özlərinə qayıtması, xüsusi müəssisələrin mədaxilinin isə ancaq sahibkara çatması barədə fikir doğru fikirdir. Əgər fərz etsək ki, mülkiyyəti inhisara alan siyasi hakimiyyət elə ümumxalq hakimiyyətidir, daha doğrusu, bir sinfin, bir və ya bir neçə partiyanın, ayrıca bir fərdin, bir ailənin, bir tayfanın, bir qəbilənin, yaxud deputat nümayəndəliyi formalarından birinin hakimiyyəti yox, öz hakimiyyətinin xalq konqressləri, xalq komitələri, həmkarlar ittifaqları vasitəsilə həyata keçirən bütün xalqın hakimiyyətidir, bu halda da işçilərin bilavasitə öz şəxsi ehtiyaclarını ödəmək üçün aldıqları əmək haqqı, gəlir pay və sosial hidmətlər mahiyyət etibar ilə xüsusi müəssisələrdə işləyənlərin aldıqlarından heç də fərqlənmir, həm dövlət müəssisəndə, həm də xüsusi müəssisədə işləyənlər iş sahibinin kimliyindən asılı olmayaraq muzdlu işçilərdir.
  Beləliklə, mülkiyyətin əldən-ələ keçməsinə səbəb olan dəyişikliklər nə cəmiyyət yolu ilə, nə də əmək haqqı müqabilində işçinin bilavasitə istehsal etdiyi məhsula haqqı məsələsini həll edə bilməmişdir, belə ki, mülkiyyət formalarının dəyişilməsinə baxmayaraq, istehsalçılar hələ də muzdlu işçilər olaraq qalırlar.
  Əmək haqqı probleminin qəti həlli əmək haqqının ləğv edilməsindən, insanların ona köləlikdən azad edilməsindən və siniflərin, insan tərəfindən yaradılan müxtəlif idarəetmə və qanunvericilik formaların meydana gəlməsindən qabaq bu əlaqələri müəyyən edən təbii qanunlara qayıdılmasından ibarət olmalıdır.
  Təbii qanunlar insan münasibətlərinin yeqanə meyarı, mənbəyi və çıxış nöqtəsidir.
  Təbii qaydalar iqtisadi istehsalın ünsürləri arasında bərabərliyə əsaslanan təbii sosializmin təməlini təşkil edərək, təbiət məhsullarının insanlar arasında təqribən bərabər imkanların şərtləndirmişdir. İnsanın insan tərəfindən istismarı, insan ehtiyacı olduğundan daha çox sərvət mənimsəmək istəyi təbii qaydalardan kənara çıxmaq təzahurudur, bəşər cəmiyyəti həyatının pozulmasının və korlanmasının başlanğıcıdır, bu isə istismar cəmiyyətinin meydana çıxmasının başlanğıcı deməkdir. Qədim dövrdən tutmuş indiyədək mövcud olan iqtisadi istehsal amillərinin təhlili göstərir ki, istehsalın əsas ünsürləri həmişə və hər yerdə əmək əşyalarından, əmək alətlərindən və istehsalçıdan ibarət olmuşdur. Bərabərliyin təbii qaydası isə belə iqrar edir: istehsalın hər bir ünsürünün istehsal prosesində öz payı var və əgər onlardan biri geri götürülərsə, onsuz istehsal dayanar.
  Madam ki, bu ünsürlərdən hər biri zəruri və əsasdır, daha doğrusu, onlar istehsal prosesinin bərabər səviyyədə zəruri ünsürləridir, deməli, onlardan hər birinin istehsal edilmiş məhsula bərabər haqqı var və onlardan birinin digərinə qarşı bərabərliyinin təbii qaydasına ziddir, başqasının haqqına təcavüz edilməsi deməkdir. Deməli, hər bir ünsürün həmin ünsürlərin sayından asılı olmayaraq öz payı var və əgər istehsal prosesi iki ünsür vasitəsilə həyata keçirilirsə, hər bir ünsürə istehsal edilmiş məhsulun yarısı çatır, əgər proses üç ünsür vasitəsilə həyat keçirilirsə, ünsürlərin hər birinə məhsulun üçdə biri çatır və ilaxır.
  Bu təbii qaydanın qədim keçmişə və müasir gerçəkliyə tətbiq olunması aşağıdakıları aşkar edir:
  Əl əməyi mərhələsində istehsal prosesində xammal və istehsalçı-insan iştirak etmişdir. Sonralar insanın istehsal əməliyyatlarında istifadə etdiyi əmək alətləri araya qirmişdir.
  Əvvəlcə bu güc vahidi kimi, heyvan olmuşdur, sonralar əmək alətləri inkişaf etdikcə heyvanı maşın əvəz etmişdir, xammal da kəmiyyət və keyfiyyətçə deyişmiş, sadə və ucuz xammalı son dərəcə baha və mürəkkəb xammal əvəz etmişdir. İnsan da həmçinin dəyişmişdir, adi fəhlənin mühəndis və texnik, sayca çox ixtisassız fəhlələri texniki mütəxəssislər əvəz etmişdir. Lakin istehsal prosesi ünsürləri keyfiyyətçə və kəmiyyətçə dəyişsələr də, hər birinin istehsal prosesində oynadığı rol nöqtəyi-nəzərindən və zəruriliyi dərəcəsi baxımından dəyişməmişlər.
  Məsələn, qədim dövrlərdə də, indi də istehsalın ünsürlərindən biri olan dəmir filizi əvvəllər ibtidai yolla emal edilirdi, sonralar isə dəmirçi dəmirdən əllə bıçaq, balta, nizə və sairə hazırlamağa başladı. İndi isə həmin dəmir filizi domna sobalarında emal edilir, sonra isə mühəndis və texniklər ondan aldıqları metaldan dəzgah, mühərrik və müxtəlif minik vasitələri qayırırlar. Əvvəllər istehsalın ünsürləri olan at, qatır, dəvə və başqa heyvanları nəhənq zavodlar və iri dəzgahlar əvəz etmişdir. Əgər əvvəllər fəqət ibtidai alətlər hazırlanırdırsa, indi son dərəcə mürəkkəb texniki avadanlıq istehsal edilir. Bununla yanaşı, istehsalın əsas təbii amilləri əldə edilmiş nəhəng inkişafa baxmayaraq mahiyyətcə sabit qalmışdır. istehsal ünsürlərinin bu mahiyyət sabitliyi təbii qaydanın sağlam əsas olduğunu və iqtisadi problemin qəti həlli məqsədilə bu qaydaya qayıtmanı labud olduğunu göstərir, belə ki, təbii qaydalara etinasızlıq göstərən bütün əvvəlki tarixi cəhdlər müvəffəqiyyətsizliyə uğramışdır.
  Keçmiş tarixi nəzəriyyətləri iqtisadi problemi fəqət istehsal ünsürlərindən biri üzərində mülkiyyət hüququ baxımından, fəqət istehsal edilmiş məhsul müqabilində əmək haqqı nöqtəyi-nəzərindən həll etməyə çalışmış, əsas problemi, yəni istehsalın özü ilə bağlı problemi isə həll etməmişdir. (Beləliklə, hazırda dünyada hökm sürən iqtisadi sistemlərin ən mühum xüsusiyyəti istehsalın cəmiyyətinmi xeyrinə, yaxud xüsusi müəssisəninmi xeyrinə həyata keçirildiyindən asılı olmayaraq, işçini öz hüququndan məhrum edən əmək haqqı sisteminin olmasıdır.)
  Sənaye istehsal müəssisəsi əmək əşyalarının, zavod avadanlığının və fəhlələrin olması sayəsində fəaliyyət göstərir. Məhsul ilkin materiallarının emalı üçün fəhlələrin zavod avadanlığından istifadə etmələri nəticəsində hasil olur. Beləliklə görürük ki, emal edilmiş və istehlak üçün nəzərdə tutulmuş hazır məhsul elə istehsal əməliyyatlarından keçmiş olur ki, xammal müəssisə və fəhlələr olmasa idi, bunlar mümkün olmazdı. Belə ki, əgər ilkin materiallar olmasa idi, müəssisə emal etməyə bir şey tapmazdı, müəssisə olmasa idi, ilkin materiallar emal oluna bilməzdi, istehsalçılar olmasa idilər, müəssisə işləyə bilməzdi. Beləliklə, bu əməliyyatda iştirak edən hər üç ünsür istehsal prosesində eyni dərəcədə zəruridir və bu üç ünsür olmasa, məhsul əldə edilə bilməz. Həm də bu üç ünsürdən heç biri təklikdə istehsal əməliyyatını əncam edə bilməzdi, eləcə də üç ünsürdən ikisi üçüncü ünsür olmadan istehsalı təmin edə bilməzdi. Təbii qayda bu halda hər üç ünsürün istehsal edilmiş məhsulda payının bərabər olmasını zəruri edir, yəni həmin müəssisəyə bənzər bir müəssisənin istehsal etdiyi məhsul üç hissəyə bölünür və üç ünsürdən hər birinə bir pay düşür. Beləliklə, təkçə müəssisə mühum deyildir, mühum olan həm də odur ki, müəssisənin istehsal etdiyi məhsulu kim istehlak edir.
  Kənd təsərrufatı istehsalı da belədir. Burada iki ünsür - insan və torpaq iştirak edir, üçüncü ünsürdən istifadə olunmur. Bu cür istehsal tamamilə kustar istehsala bənzəyir. Bu halda məhsul istehsal ünsürlərinin sayna uyğun olaraq iki hissəyə bölünür. Əgər əkinçilikdə maşınlardan və ya digər alətlərdən istifadə edilirsə, ondan məhsul kənd təsərrufatı istehsalında iştirak edən hər üç ünsür - torpaq, əkinçi və istifadə olunan texnika arasında üç hissəyə bölünür.
  Sosializm sistemi də bu əsas üzərində qurulmuşdur və burada bütün istehsal prosesi həmin təbii qaydaya tabe edilmişdir.
  İstehsalçılar elə fəhlələr özləridir. Onlar ona görə istehsalçı adlanırlar ki, artıq "fəhlə", "əməkçi", yaxud "zəhmətçi" məfhumları gerçəkliyə uyğun gəlir. Səbəb də odur ki, fəhlələr, bu sözün ənənəvi mənasında, kəmiyyətcə və keyfiyyətcə dəyişməyə başlamışlar. Elm və texnika inkişaf etdikcə fəhlə sinfi azalır. Əvvəllər bir neçə fəhlənin gördüyü iş indi bircə maşın vasitəsi ilə əncam edilir. Bu maşınların istismarı az işçi tələb edir. Bu, fəhlə sinfinin kəmiyyətcə az dəyişməsi deməkdir. Bundan əlavə, maşın əzələ qüvvəsi əvəzinə texniki bilik tələb edir, bu isə işçi qüvvəsinin keyfiyyətcə dəyişməsi deməkdir.
  İndi fəqət istehsaledici qüvvə istehsalın ünsürü olmuşdur və inkişaf nəticəsində əmək adamları əvvəlki avam zəhmətkeş kütləsindən dönüb sayca nisbətən məhdud texniki, mühəndis və alimlər qrupuna çevrilmişlər. Bunun nəticəsində aradan çıxacaq və onların yerini mühəndis və texniki işçilərin həmkarlar ittifaqları tutacaqdır, çünki elmi tərəqqi bəşəriyyətin elə bir nailiyyətidir ki, ondan geri dönmək mümkün deyildir. Bu tərəqqi nəticəsində savadsızlıq ləğv edilməyə məhkümdur. Adi fəhlələrin elmi-texniki tərəqqi qarşısında tədricən aradan çıxmağa başlaması müvəqqəti hadisədir. Lakin özünün bu yeni keyfiyyətində daima istehsal prosesinin əsas ünsürü olaraq qalacaqdır.
  Tələblər. Əgər insanın tələbatının ödənilməsi başqalarının sərəncamındadırsa, onun azadlığı naqisdir. Tələbatı ödəmək cəhdi insanın insandan kölə asılılığına gətirib çıxara bilər.
  İstismar da tələbatdan doğur. Tələbatın ödənilməsi gerçək problemdir və əgər insanın öz tələbatını ödəməsi onun öz sərəncamında deyilsə, mübarizə başlanır.
  Yaşamaq üçün yer ayrıca bir fərdin və ailənin zəruri tələbatdır, ona görə də o, başqasının mülkiyyəti olmamalıdır. Başqasının evində kirayə ilə, yaxud kirayəsiz yaşayan adam azad ola bilməz. Dövlətlərin mənzil probleminin həlli sahəsində göstərdiyi cəhdlər bu problemi qətiyyən həll edə bilməmişdir. Səbəb də odur ki, bu cəhdlər problemin qəti və son həlli məqsədini güdməmişdir, yəni hər bir insanın yaşamaq üçün öz yeri olmasına deyil, ev kirayəsinin istər dövlət, istərsə də xüsusi sektor hesabına azadılması, artırılması, yaxud tənzim edilməsinə yönədilmiş sosializm cəmiyyətində hər hansı bir orqanın, o cümlədən cəmiyyətin özünü də insanların tələbatının ödənilməsini tamamilə öz sərəncamına alması caiz deyildir. Heç kəsin özünün və vərəsələrinin yaşayış ehtiyacından artıq mənzil tikib kirayə verməyə haqqı yoxdur, çünki bu mənzilə başqa bir insanın ehtiyacı var və onun kirayə məqsədi ilə tikilməsi həmin adamın tələbatının başqasının sərəncamına alınması üçün yol açır. Tələbat isə azadlığın şərtidir.
  Yaşamaq üçün vəsait insanın ən zəruri tələbatıdır. Sosializm cəmiyyətində işçilər muzdlu işçilər yox, ortaqlar olduqlarına görə bir idarə tərəfindən sədəqə şəklində verilməsi caiz deyildir. Yaşamaq üçün vəsait kiminsə xeyrinə istehsal edilmiş məhsul müqabilində alınan haqq yox, ya insanın öz ehtiyatlarını ödəmək üçün onun öz sərəncamında olan şəxsi mülkiyyəti, ya da istehsalın əsas ünsürlərindən biri kimi istehsalda onun payına düşən hissədir.
  Nəqliyyat vasitələri ayrı bir fərdin və ailənin daha bir zəruri tələbatıdır. İnsanın nəqliyyat vasitəsi bir başqasının olmamalıdır. Sosializm cəmiyyətində heç bir idarə, yaxud heç bir orqanın icarə məqsədi ilə nəqliyyat vasitələrinə sahib olmağa haqqı yoxdur, çünki bu, başqalarına tələbatının ödənilməsini öz sərəncamına almaq deməkdir.
  Torpaq. Torpaq heç kimin mülkiyyəti deyildir. Lakin hər kəsin öz gücü çatdqıca, başqasının əməyindən muzdla və ya muzdsuz istifadə etmədən, öz tələbatını ödəyərək miqdarda işləmək, əkmək və heyvan otarmaq məqsədi ilə öz ömrü və vərəsələrinin ömrü boyu torpaqdan faydalanmaq üçün onu istismar etməyə haqqı var. Torpağın mülkiyyətə keçməsinə yol verilərsə, ona fəqət hazırda yaşayanlar sahib olacaqlar. Torpaq sabit amildir, ondan faydalanlar isə zaman keçdikcə dəyişirlər, onların peşələri, qüvvələri, varlıqları dəyişikliklərə uğrayır.
  Yeni sosializm quruluşunun qayəsi xoşbəxt bir cəmiyyət, azadlığına görə xoşbəxt bir cəmiyyət yaratmaqdır, bu isə ancaq insanların maddi və mənəvi tələbatının başqalarının hökmranlığından və sərəncamından azad edilməsi yolu ilə həyata keçirilə bilər.
  Tələbatının ödənilməsi başqalarını istismar etmədən, yaxud əsarətə almadan həyata keçirilməlidir, əks təqdirdə bu yeni sosializm cəmiyyətinin qayəsi ilə ziddiyyətə girə bilər.
  Yeni cəmiyyətdə insan ya öz maddi tələbatını təmin etməkdən ötrü özü üçün işləyir, ya istehsalda ortağı olduğu sosialist müəssisəsi üçün işləyir, ya da ictimai xidmət sahəsində onun tələbatını təmin edir.
  Yeni sosializm cəmiyyətində iqtisadi fəaliyyət maddi tələbatın ödənilməsi naminə məhsuldar əməkdir, heç də qeyri-məhsuldar əmək, yaxud tələbatdan artıq yığım naminə gəlir götürmək məqsədi güdən əmək deyildir, çünki bu cür əmək yeni sosializm qaydalarına görə mümkün deyildir.
  Ayrı-ayrı fərdlərin iqtisadi fəaliyyətinin qanuna uyğun məqsədi fəqət özlərinin şəxsi tələbatını ödəməkdən ibarət olmalıdır, çünki dünya ehtiyatları, azı ayrıca götürülmüş bir dövrdə, məhdud olduğu kimi, ayrılıqda hər bir cəmiyyətin də sərvətləri məhduddur. Odur ki, heç bir fərdin bu sərvətdən öz tələbatını ödəmək üçün kifayət edəcək miqdardan artıq mənimsəmək məqsədi ilə iqtisadi fəaliyyətlə məşğul olmağa haqqı yoxdur, çünki onun öz tələbatından artıq mənimsədiyi miqdar başqa fərdlərin haqqıdır. İnsanın öz tələbatını azaltmaqla özünün istehsal etdiyi məhsul hesabına vəsait yığmağa haqqı var, ancaq bu başqalarının əməyi, yaxud başqalarının tələbatı hesabına edilməməlidir. Tələbatın ödənilməsi üçün zəruri olan miqdardan artıq həcmdə iqtisadi fəaliyyətlə məşğul olmağa yol verilsə, biri öz tələbatından artıq mənimsəməklə, digərini öz tələbatını ödəmək imkanından məhrum etmiş olar.
  İctimai sərvətdən bir insanın öz tələbatını ödəyəcək miqdardan artıq pay yığımı ancaq başqa bir insanın tələbatı hesabına ola bilər.
  Xüsusi istehsalın tələbatdan artıq yığımına icazə vermək, şəxsi tələbatın ödənilməsi işində, yaxud tələbatdan artıq bir şey əldə edilməsi naminə başqasının əməyində qeyri-məhdud şəkildə istifadə edilməsini məqbul saymaq, daha doğrusu, bir insanın əməyindən başqa bir insanın tələbatının ödənilməsi işində istifadə edilməsinə və birinin tələbatı hesabına digərinə vəsait yığmasına yol vermək elə istismara yol vermək deməkdir.
  Muzd müqabilində iş, artıq qeyd edildiyi kimi, təkcə köləlik deyil, həm də həvəsləndirici amillərdən xali əməkdir, belə ki, bu halda istehsalçı ortaq yox, muzdlu işçi olur.
    Əlbəttə, özü üçün işləyən adam öz əməyinə vicdanlı münasibət bəsləyir. Onun istehsalçı vicdanlı münasibətini həvəsləndirən amil onun öz maddi tələbatını ödəmək üçün öz şəxsi əməyinə arxalanmasıdır. Sosialist müəssəsində işləyən adam istehsalda ortaqdır və, şübhəsiz, öz əməyinə vicdanla yanaşır, çünki onun istehsala vicdanlı münasibətini həvəsləndirən amil odur ki, istehsal edilmiş məhsul ona öz maddi tələbatını ödəmək imkanı verir. Amma muzd müqabilində işləyən adamı əməyə həvəsləndirən elə bir amil yoxdur.
  Muzdlu əmək istehsalın artırılması və daha da təkmilləşdirilməsi məsələləri həll etmək iqtidarında deyildir. Bu cür əmək muzdlu işçilərin əməyi olduğu üçün istər ictimai xidmətlər sahəsində, istərsə də istehsal sahəsində ara vermədən tənəzzül etməkdədir.
  İctimai və xüsusi sektorlarda muzdlu əməyə və müqabilində haqq alınmayan əməyə dair bir neçə misal gətirək:

Birinci misal
  a) işçi cəmiyyət üçün on alma istehsal edir: onun istehsal etdiyi məhsulun müqabilində cəmiyyət ona bir alma verir ki, bu da onun tələbatını tamamilə ödəyir;
  b) işçi cəmiyyət üçün on alma istehsal edir: onun istehsal etdiyi məhsulun müqabilində cəmiyyət ona bir alma verir ki, bu da onun tələbatını ödəyəcək miqdardan azdır.

İkinci misal
  İşçi başqa bir adam üçün on alma istehsal edir və bunun müqabilində bir alma dəyərindən az olan muzd alır.

Üçüncü misal
  İşçi özü üçün on alma istehsal edir.

Nəticə
  Birinci (a) halda işçi məhsuldarlığı artırmayacaq, çünki məhsuldarlıq nə qədər artırsa-artsın, o fəqət bir alma alacaq ki, bu da onun tələbatını ödəyir. Buna görə də cəmiyyət üçün çalışan işçi qüvvəsi istər-istəməz daima qeyri-fəal olur.
  Birinci (b) halda işçini istehsala həvəsləndirəcək bir amil yoxdur, çünki o, cəmiyyət üçün istehsal edir, amma öz şəxsi tələbatını ödəyəcək miqdarda bir şey almır. Lakin o, həvəssiz də olsa, öz işini davam etdirir, çünki o, cəmiyyətdəki ümumi əmək şəraitinə tabe olmağa məcburdur və cəmiyyətin bütün üzvləri bu vəziyyətdədir.
  İkinci halda işçi əslində istehsal etmək üçün yox, muzd almaq üçün işləyir və onun muzdlu öz tələbatını ödəyəcək daha baha satmaq üçün başqa bir sahib axtaracaq, ya da bir təhər dolanmaq üçün işini davam etdirməyə məcbur olacaqdır.
  Fəqət üçüncü hal yeganə haldır ki, bu zaman işçi passivliq göstərmədən və məcburiyyət olmadan işləyir.
  Bir halda ki, sosializm cəmiyyətində fərdin öz şəxsi tələbatını ödədikdən sonra fərdi istehsalla məşğul olmaq imkanı yoxdur və tələbatını başqası hesabına, yaxud başqası vasitəsilə ödənilməsinə icazə verilmir, habelə sosialist müəssisələri bütünlükdə cəmiyyətin tələbatını ödəmək üçün işləyir, deməli, üçüncü misal iqtisadi istehsalın əsasını düzgün aydınlaşdırır. Lakin bütün hallarda belə istehsal prosesi işçinin dolanması naminə davam etdirilir. Kapitalizm cəmiyyətində istehsalın artması və onun yaşamaq üçün istehsalda iştirak etməyə məcbur olan, zəhmətkeşlərin əməyini istismar edən, özləri isə işləməyən bir ovuc mülkiyyətçilərin təmərküzləşməsi buna əyani sübutdur. Yaşıl Kitab nəinki təkcə maddi istehsal problemini həll etməklə kifayətlənmir, həm də fərdin mənəvi cəhətdən qəti azad olması və səadətə çatması məqsədi ilə insan cəmiyyəti problemlərinin hərtərəfli həlli yolunu göstərir.

Başqa misallar

  Fərz edək ki, ictimai sərvət on şərti vahiddən ibarətdir və əhalinin sayı da ondur. Bu halda hər bir fərdin payına ictimai sərvətin 10:10, yəni bir vahidi düşəcəkdir. Lakin əgər cəmiyyətin üzvlərindən bir qismi bir vahiddən artıq paya malik olarsa, deməli, həmin cəmiyyətin üzvlərindən digər bir qismi heç bir şeyə malik olmayacaqdır, çünki ictimai sərvətdən onların payına düşəcək hissə başqaları tərəfindən mənimsənilmiş olacaqdır. İstismar cəmiyyətində varlılar və yoxsullar buna görə mövcuddurlar.
  İndi fərz edək ki, həmin cəmiyyətin beş üzvündən hər biri sərvətin iki vahidinə malikdir. Bu halda yerdə qalan beş nəfər heç bir şeyə malik olmayacaqdır, yəni cəmiyyətin üzvlərinin əlli faizi ictimai sərvətdəki paylarından məhrum olacaqdır, çünki birinci beş nəfərdən hər birinin malik olduğu əlavə pay əslində ikinci beş nəfərdən hər birinə düşməli olan paydır.
  Əgər cəmiyyətin bir üzvünün tələbatını ödəmək üçün ictimai sərvətin bir vahidi kifayətdirsə, deməli, ictimai sərvətin bir vahidindən artıq paya malik olan fərd əslində cəmiyyətin digər üzvlərinin payını mənimsəmişdir. Bir halda ki, həmin fərdin gerçək payı ictimai sərvətin onun tələbatını ödəmək üçün zəruri vahidindən artıqdır, deməli, o bu payı varlanmaq məqsədi ilə mənimsəmişdir, varlanmaq isə ancaq başqalarının tələbatı hesabına, yəni ictimai sərvətdən onların payına düşən hissəsini əxz etmək yolu ilə mümkündür. Bir tərəfdən, getdikcə varlanan, xərcləməyib öz tələbatını ödəyəcək miqdardan artıq yığan adamların, digər tərəfdən isə dilənçi və binəsiblərin, daha doğrusu, yaşamaq üçün vəsait tapa bilmədiklərinə görə əslində ictimai sərvətdən onlara çatacaq hissəni diləyən adamların olması səbəbi də elə budur. Bu, oğurluq və soyğunçuluqdur, lakin qanuniləşdirilmiş bir şəkildə də, həmin cəmiyyətdə hökm sürən ədalətsiz istismar qanunlarına uyğun bir tərzdə həyata keçirilir.
  Tələbatdan artıq qalan nə varsa son təqdirdə cəmiyyətin bütün üzvlərinə məxsus olmalıdır. Ayrı-ayrı fərdlərə gəlincə, onların fəqət öz şəxsi tələbatları hesabına istədikləri qədər yığmağa haqları var, belə ki, bu tələbatdan artıq yığmaq ictimai sərvətə qəsd etmək deməkdir.
  Bacarıqlı işçilərin ustalığı və işgüzarlığı onlara başqasının payını ələ keçirmək haqqı vermir, lakin onlar özlərini bu keyfiyyətlərindən öz tələbatlarını ödəmək üçün səmərəli istifadə edə bilərlər və öz şəxsi tələbatları hesabına yığımla məşğul ola bilərlər. Əmək qabiliyyətini itirənlərin, anadangəlmə kəmağıl və şikəst adamların da ictimai sərvətdən sağlam adamlar kimi pay almağa haqları var.
  İctimai sərvəti hər gün müəyyən qədər adamı onların gündəlik tələbatını ödəmək üçün kifayət edəcək miqdarda malla təmin edən təchizat idarəsinə, yaxud ərzaq anbarına bənzətmək olar. Bu adamlardan hər biri həmin miqdardan nə istəyirsə ehtiyat kimi saxlaya bilər, daha doğrusu, öz imkanlarından və bacarığından istifadə edərək, öz payından istədiyi qədər istehlak edə bilər və istədiyi qədər də yığa bilər. Amma kim öz bacarığından ictimai ərzaq anbarından əlavə bir şey əxz etmək üçün istifadə edirsə, o oğrudur. Eləcə də kim öz bacarığından tələbatından artıq sərvət kəsb etmək üçün istifadə edirsə, o əslində ümumi əmlaka - həmin misalda anbarla müqayisə edilən ictimai sərvətə qəsd edir.
  Yeni sosializm cəmiyyəti ictimai sərvətdən öz üzvlərinin hər birinə düşən payda fərq qoymur. İctimai xidmət sahəsində çalışanlar üçün cəmiyyət ictimai sərvətdən onların əməyinə müvafiq müəyyən bir hissə ayırır. Onların hər birinin payı isə fəqət onun ictimai xidmət göstərilməsində iştirakı və işi səviyyəsinə görə fərqlənir.
  Beləliklə, tarixi təcrübə insanın tam azadlığı və səadəti uğrunda onun tələbatını ödəmək, onu başqalarının istismarından qurtarmaq yolu ilə aparılan mübarizəni müvəffəqiyətlə başa çatdıran yeni bir təcrübə ilə nəticələnmişdir. Bu təcrübə özbaşınalığa son qoyur, ictimai sərvətin elə ədalətli bölgüsünə yol açır ki, bu halda hər kəs öz tələbatını ödəməkdən ötrü onu özü üçün işləyir, öz tələbatını başqasının hesabına ödəmək naminə onu özü üçün işləməyə məcbur etmir.
  Bu insanın azad edilməsi naminə onun tələbatının azad edilməsi nəzəriyyəsidir.
  Yeni sosializm cəmiyyəti dünyada hökm sürən ədalətsiz münasibətlərin dialektikasından doğan qanuna uyğun nəticədir, başqa bir şey deyildir. Bu münasibətlərin özü öz təbii həllini irəli sürmüşdür ki, bu da insanların tələbatını ödəmək üçün başqalarını istismar etmədən əldə edilən şəxsi mülkiyyətə və istehsalçıların istehsalda ortaq olduqları sosialist mülkiyyətinə əsaslanır. Sosialist mülkiyyəti istehsal etdikləri məhsula heç bir haqqı olmayan muzdlu işçilərin əməyinə əsaslanan xüsusi mülkiyyəti əvəz edir.
  İnsanın yaşadığı evə, mindiyi nəqliyyat vasitəsinə, yaşamaq üçün istifadə etdiyi vasitəyə sahib olan kəs onun azadlığına da qismən, yaxud tamamilə sahib olur; azadlıq isə bölünməzdir və insan xoşbəxt olmaq üçün azad olmalıdır, azad olmaq üçün isə o hökmən özü öz tələbatının sahibi olmalıdır.
  Başqasının tələbatına sahib olan adam onu öz sərəncamına almış olur, onu istismar edir, bəzən isə mövcud qanunlara baxmayaraq, onu kölə asılılığına salır.
  Paltar və yeməkdən tutmuş nəqliyyat vasitəsi və yaşamaq üçün yeri qədər insanın əsas şəxsi maddi tələbatını ödəmək vasitələri onun şəxsi və müqəddəs mülkiyyəti olmalıdır, burada heç bir icarə caiz deyildir. Bu vasitələrin icarə edilməsi onların gerçək sahibinə, bu lap cəmiyyətin özü olsa da, insanın şəxsi həyatına müdaxilə etmək, onun tələbatını, deməli, azadlığını da öz sərəncamına almaq, onu səadətdən məhrum etmək imkanı verir. Belə ki, icarəyə götürülmüş paltarın gerçək sahibi müdaxilə edərək bəlkə elə küçədəcə insanı soyundurub çılpaq qoya bilər, nəqliyyat vasitəsinin sahibi müdaxilə edərək kirayəçini elə yol ayrıcında düşürə bilər, evin sahibi isə müdaxilə edib kirayəçini sığınacaqsız qoya bilər.
  İnsanın zəruri tələbatının ödənilməsi işini hüquqi, inzibati və ya bu qəbildən olan başqa tədbirlər vasitəsilə idarə etmək cəhdi ən azı gülünc cəhddir, çünki cəmiyyət təbii qaydalara uyğun olaraq bu tələbatın təməli üzərində qurulur.
  Sosializm cəmiyyətinin məqsədi insanın səadətidir. İnsanın səadəti fəqət maddi və mənəvi azadlıq şəraitində təmin edilə bilər, azadlığın gerçəkləşməsi isə insanın öz şəxsi tələbatının ödənilməsi vasitəsinə nə dərəcə sərbəst malik olmasından və bu müqəddəs hüququn onun üçün nə dərəcə təmin edilməsindən asılıdır. Başqa sözlə, insanın tələbatının ödənilməsi vasitələri ancaq onun özünün şəxsi mülkiyyəti olmalı və cəmiyyət heç kim tərəfindən zorla mənimsəmə obyekti olmamalıdır. Əks təqdirdə, insan təlaş içində yaşamalı olar, səadətini itirər, əldən verər, çünki daima kənardan kiminsə onun ən sadə tələbatına müdaxilə edəcəyi barədə nigarançılıq keçirməli olar.
  Müasir cəmiyyətlərin muzdlu işçilər cəmiyyətindən dönüb istehsalda bərabər hüquqlu ortaqlar cəmiyyətinə çevrilməsi dünyada hökm sürən bir-birinə zidd iqtisadi konsepsiyalarının dialektik yekünu əsasında hələ də öz həllini tapmamış bir məsələ - muzdlu əmək sistemi duran ədalətsiz dialektik nəticəsi kimi labüddür.
  Kapitalizm dünyasında fəhlə həmkarlar ittifaqlarının təhdidedici şəkildə artan qüvvəsi kapitalizm cəmiyyətini muzdlu işçilər cəmiyyətindən istehsalda bərabər hüquqlu ortaqlar cəmiyyətinə çevirmək üçün kifayətdir.
  Sosializmin gerçəklənməsi naminə inqilabın baş verməsi ehtimalı istehsalçıların istehsal etdikləri məhsuldan özlərinə məxsus hissələrin ələ keçirmələrindən başlanır. Bu halda fəhlə tətillərinin şərikli iştirak tələbi olacaqdır. Bütün bunlar Yaşıl Kitabın rəhbər tutulması əsasında gec-tez baş verəcəkdir.
  Son addım isə yeni sosializm cəmiyyətinin elə bir mərhələyə yetişməsi olacaqdır ki, o mərhələdə bütünlükdə məhsuldar bir cəmiyyət, istehsalın isə cəmiyyətin bütün üzvlərinin tələbatını ödəyəcək bir istehsala çevrilməsi yolu ilə baş verecəkdir. Məhz bu son mərhələdə gəlir öz-özünə aradan qalxacaq, əhəmiyyətini itirəcəkdir.
  Gəlirin məqbul sayılması istismarın sayılması deməkdir, belə ki, onun məqbul sayılması özü gəlirin son həddini aradan götürür. Gəlirin müxtəlif vasitələrlə məhdudlaşdırılması tədbirləri insanın insan tərəfindən istismarına kökündən son qoymaq üçün kifayət deyildir.
  Problemin qəti həlli odur ki, gəlir ləğv edilsin. Lakin gəlir iqtisadi inkişafın hərəkətverici qüvvəsi olduğundan, onu sadəcə qərar verməklə ləğv etmək olmaz, o ancaq sosialist istehsalın inkişafı və bütünlükdə cəmiyyətin və ayrı-ayrı fərdlərin tələbatının ödənilməsi prosesində aradan götürüləcəkdir. Məhz gəlirin artırılması naminə əmək son təqdirdə gəlirin aradan qalxmasına gətirib çıxarar.
  Ev xidmətçiləri. Ev xidmətçiləri, muzdla və ya muzdsuz işlədiklərindən asılı olmayaraq, kölə vəziyyətindədirlər. Onlar müasir dövrün kölələridirlər. Yeni sosializm cəmiyyəti əmək haqqı prinsipinə deyil, istehsalda şərikli iştirak prinsipinə əsaslandığından ev xidmətçiləri sosializmin təbii qaydalarının tətbiqi dairəsindən kənar qalırlar, çünki onlar istehsal sahəsində deyil, xidmət sahəsində çalışırlar, bu sahə isə maddi nemətlər, sosializmin təbii qaydalarına əsasən bərabər bölünməli olan nemətlər istehsal etmir. Bu səbəbdən ev xidmətçiləri ancaq muzd müqabilində, qeyri-münasib şəraitdə isə muzdsuz işləməli olurlar.
  Muzdlu işçilər muzd müqabilində işlədiklərinə görə bir növ kölə olduqlarından, ev xidmətçiləri isə təsərrüfat idarə və müəssisələrində çalışan muzdlu işçilərlə müqayisədə aşağı səviyyədə olduqlarından ev xidmətçiləri muzdlu əmək cəmiyyətin - kölələr cəmiyyətinin kölələyindən hamıdan əvvəl azad edilməlidirlər.
  Ev xidmətçiləri ictimai hadisə kimi kölələrin ardınca meydana çıxmışlar. Üçüncü Dünya Nəzəriyyəsi kütlələrə zülm, istibdad, istismar, siyasi və iqtisadi asılılıq buxovlarından qəti xilas olacaqları barədə müjdə verir. Bu qurtuluş bütün insanları birləşdirəcək elə bir cəmiyyətin qurulması naminə olacaqdır ki, burada bütün insanlar azad olacaqlar, çünki onların hamısı Azadlığın tam və qəti qələbəsi naminə hakimiyyətə, sərvətə və silaha bərabər hüquqlara malik olacaqlar.
  Yaşıl Kitab muzdlu işçilər və ev xidmətçiləri kütlələrinə insanın Azadlığı naminə qurtuluş yolunu göstərir. Odur ki, ev xidmətçilərinin düşmüş kölə vəziyyətindən azad edilməsi və onların evlərdən çıxarılıb istehsal edilmiş məhsulu istehsalın ünsürlərinin sayına görə bərabər hissələrə bölünən maddi istehsal sahəsində çalışan ortaqlara çevrilməsi uğrunda mübarizə labüddür. Evə evdə yaşayanlar xidmət edir. Zəruri ev işlərinin əncam edilməsinə gəlincə, bu işlər muzdla və ya muzdsuz işləyən xidmətçilər tərəfindən deyil, xidməti vəzifələrini əncam edərkən vəzifəcə yüksəlmək hüququna malik, habelə ictimai xidmət sahəsində çalışan hər bir qulluqçu kimi sosial və maddi təminatı olan qulluqçular tərəfindən icra edilməlidir.

Комментариев нет:

Отправить комментарий