суббота, 16 марта 2013 г.

Əl-Ucarinin təqiyyə haqqında yalanlarına rəddiyyə


Bağışlayan və Mehriban Allahın adı ilə!
Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Və Allahın salam və salavatı olsun peyğəmbərimiz Mühəmməd, onun Əhli-Beytinin və səhabələrinin üzərinə.
            Bir müddət əvvəl rus dilində qələmə alınmış “Aldanmayın. Şiələr haqqında” (“Не обманитесь. О шиитах”) kitabı qarşıma çıxdı. Kitabın İslama qarşı düşmənçilik ruhiyyəsində yazıldığı artıq ilk səhifədən mənə aydın oldu. Çünki müəllif Əbu Əli Əbdullah əl-Ucari Amerika və sionist İsrail rejiminin uzun müddətdir ki, təlqin etdiyi bir ideyaya - əhli-şiə və əhli-sünnət arasında vəhdətin mümkünsüzlüyünə dönə-dönə israr edir. Əl-Ucarinin bunu şiələrin “kafir” olmaları ilə izah etməsi isə onun həm də nasibi olduğunu göstərir. O bununla kifayətlənməyərək vəhdət tərəfdarı olan sünniləri də az qala sapıqlar kimi təqdim etməyə çalışır. Ən maraqlısı isə budur ki, əl-Ucari öz “rəddiyyə”sinə şiələrin təqiyyə inancını “baltalamaq” cəhdi ilə başlayır. Nasibinin şiəyə “rəddiyyə” verməsi necə də gülüncdür! Əl-Ucarinin məhz bu mətləbdən başlaması onun təqiyyəni əhli-şiə əqidəsinin əsası olduğunu zənn etməsi ilə bağlıdır. “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar”[1] ayəsini burada yada salmamaq mümkün deyil. Çünki bütün əhli-şiə alimləri ittifaq etmişlər ki, etiqadın əsasları Allahın mövcud, tək və ədl olmasına inanmaq (tövhid), 124 min peyğəmbərə, o cümlədən də onların sonuncusu Həzrəti Mühəmməd (s)-ə iman gətirmək (nübuvvət) və ölümdən sonra həyatın mövcud olmasına, Qiyamət günü dirildilərək Allah qarşısında hesab verəcəyinə (axirət və məad) inanc bəsləməkdir. Burada təqiyyəni gördüzmü? Təqiyyəni heç fürui-dinin siyahısında tapmazsınız, qaldı ki üsuli-dində! Lakin müəllifimiz belə şeyləri nəzərə almaz... Axı vəhdətə zərbə vurmaq və bununla da özü də bilmədən (?) dünya sionizminə xidmət etmək onun ali məqsədidir. Bunun üçün o şiələri “ikiüzlü kəzzablar” adlandırır.  Hərçənd ki, əsl kəzzab “Haqqa batil donu geyindirən və haqqı gizlədəndir.”[2]  Allah-Təala bu ayəni yəhudi alimlər haqqında nazil etsə də, bu müsəlman cildinə girmiş günümüzün yəhudi alimlərinə heç də daha az aid deyil. Əl-Ucarinin Əmmar ibn Yasir (r.a) haqqında rəvayəti gizlətməsi kəzzablıq deyilsə onda nədir? İbn Abbas rəvayət edir ki, Məkkə müşrikləri əziyyət verilərək öldürülən ilk İslam şəhidləri Yasir və Sümeyyədən sonra, oğulları Əmmar İbn Yasir (r.a)-dan da zorla dindən dönməsini tələb etdilər. Əzab-əziyyətə dözə bilməyən Əmmar (r.a) onların istəyini yerinə yetirdi. Onda Peyğəmbər (s)-ə çatdırdılar ki, Əmmar dindən dönüb. Rəsulallah (s) buyurdu: “Ola bilməz. Əmmar başdan-ayağa imanla doludur. İman onun qəlbində kök salıb.” Nəhayət Əmmar özü gəlib göz yaşları içində vəziyyəti Peyğəmbər (s)-ə anlatdıqda, həzrət (s) ondan soruşdu: “Öz qəlbini necə görürsən?” Əmmar cavab verdi: “İmanla dolu olduğunu görürəm.” Peyğəmbər (s) buyurdu: “Onlar bir də sənə eyni şeyi etsələr, yenə eyni şeyi təkrar edə bilərsən.”[3] Bu hadisə ilə əlaqədar ayə nazil oldu: “Qəlbi imanla sabit olduğu halda küfr sözünü deməyə məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə Allahın qəzəbinə düçar olar.”[4] Qurtubi, Təbəri, Səmərqəndi və digər əhli-sünnət müfəssirləri bu ayənin yuxarıdakı hadisə ilə əlaqədar nazil olduğunu təsdiq edirlər.[5] Həmçinin Peyğəmbər (s)-in “Allah xətanı, unutqanlığı və hədə-qorxu altında etdiklərini ümmətimə bağışladı”[6] hədisini Əmmarın təqiyyə etməsi barəsində buyurması deyilir. Buradan 3 nəticəyə gəlmək mümkündür: 1) Əmmar kimi böyük səhabə öz canını qorumaq üçün təqiyyə edir. 2) Peyğəmbər (s) bundan xəbər tutanda etiraz etmir, əksinə bu işin caiz olduğunu bildirir. 3) Təqiyyə o qədər əhəmiyyətli bir məsələdir ki, onun küfr olmadığını açıqlayan xüsusi ayə nazil olur. Əl-Ucari isə öz kitabında təqiyyənin əhəmiyyətini açıqlayan Əhli-Beyt (ə) imamlarının hədislərinə istehza edir, onları “Peyğəmbər (s) və onun törəmələri adından şiələr tərəfindən yalancasına uydurulmuş” adlandırır. 3-cü nəticədən oxuyuruq ki, təqiyyənin əhəmiyyətini açıqlamaq Quran ayəsidir. Deməli təqiyyənin əhəmiyyətini açıqlayan hədislərə istehza etmək, elə Quran ayəsinə istehza etmək deməkdir! Allah-Təala buyurur: “Kafirlər isə... Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.”[7] Qurani-Kərimin başqa bir yerində isə Allah-Təala Onun ayələrinə istehza edənləri Cəhənnəmdə bir yerdə toplayacağına vəd verir.[8] Eh kaş ki, əl-Ucari kimilər bu ayələri dərk edib qulaq asardılar!..
            Əl-Ucari öz zənninə görə təqqiyyəni “ifşa edən” cəmi 9 hədis gətirə bildi. Onlardan biri budur: Şeyx əl-Kuleyni “əl-Kafi” kitabında Əbəl Hüseynin Müəmmər ibn Xalidin zalım hakimlərə qarşı qiyam etmək haqqında sualın cavabında belə buyurduğunu rəvayət edir: “Təqiyyə mənim və atalarımın dinidir. Təqiyyəsi olmayanın dini də yoxdur.”[9] SübhanAllah, İmam Hüseyni, Abbas Ələmdarı, Xanım Zeynəbi olan əhli-şiəni necə zalım hakimlərə boyun əyməkdə ittiham etmək olar?! Hərçənd məhz nasibilərin tarix boyu zalımlara boyun əyməsi məlumdur. Vəhhabi hərəkatının banisi Mühəmməd ibn Əbdul Vəhhabın Britaniyanın Ərəbistandakı casusu Mister Hemferlə dostluq etməsi, ona bütün məsələlərdə kor-koranə itaət etməsi də bu qəbildəndir. Hərçənd ki, Allah-Təala Qurani-Kərimdə müsəlmanlara qarşı vuruşan kafirlərlə dostluq etməyi qatı şəkildə haram buyurur, buna riayət etməyənləri isə zalımların ta özləri adlandırır.[10]
Ucarlı nasibinin gətirdiyi başqa bir hədis belədir: “İmam Cəfər əs-Sadiq buyurmuşdur: “Atamdan belə dediyini eşitmişəm: “Allaha and olsun ki, mənim üçün təqiyyədən daha sevimli bir şey yer üzündə yoxdur!”[11] Müəllif imamların təqiyyəni tərif etdiyi hədisləri gətirəndə, nədənsə onların yaşadığı dövr və məruz qaldıqları zülmlər haqqında yazmağı unudur. Bu hədislərin düzgün başa düşülməsi isə həmin dövrün mühitini araşdırmadan mümkün deyil. Məsələn İmam Sadiq (ə)-ın yaşadığı dövrdə Abbasilər rejimi onun özünə və dostlarına qarşı ağır repressiyalar həyata keçirdiyindən, imam təqiyyə edərək bəzən özünün ən yaxın dostlarını belə rədd etməyə, onları qeyri-etibarlı və zəif imanlı şəxslər elan etməyə məcbur qalırdı. Möhtərəm oxucuları çox yormamaq üçün imamların dövrünün necə ağır olmasını az da olsa dərk edilməsi yolunda yalnız bir hədisi gətirməklə kifayətlənirəm: İmam Sadiq (ə) özünün ən çox sevdiyi və etibar etdiyi səhabələrindən biri Zürarə ibn Əyunun oğlu Abdullaya xitabən belə buyurmuşdur: “Atana mənim salamımı yetir. Və ona de ki, əgər sənin əleyhinə bir söz desəm, bil ki, bu sözlər səni müdafiə etmək üçündür. Düşmənlər həmişə bizə yaxın olan şəxsləri incitməyə çalışıblar. Onlar bu şəxsləri bizi sevdiklərinə görə öldürürlər. Əvəzində o kəslər ki, bizimlə düşmənçilik edirlər, onlara sitayiş edirlər. Atana de: Zahirdə səni rədd etməyim ona görədir ki, sən bizim dostumuz kimi tanınmayasan. Bizi də sevdiyin üçün camaat səni sevmir. Zahirdə səninlə tünd davranıram ki, camaatın yanında məhbub olasan. Və onların şərrindən amanda qalasan.”[12] Belədə təqiyyə mömin dostlarını tağutların şərindən xilas etməkdirsə, niyə də imam (ə) üçün sevimli iş olmasın? Çünki Peyğəmbər (s)-in məşhur hədisinə əsasən, möminin mömin üzərində yeddi haqqı var ki, mal-dövləti ilə ona yardım göstərmək, onu çətin vəziyyətlərdən xilas etmək onlardan biridir.[13]
Ardınca müəllif bu hədisi qeyd edir: “Təqiyyə möminin özünü müdafiə etdiyi sipərdir!”[14] Bu hədisi şələrin təqiyyə inancına qarşı gətirmək üçün doğrudan da “kitab bilməyən savadsız” olmaq lazımdır! Sipərdən istifadə edən şəxs harada olur? Düzdür, döyüş meydanında. Çünki aydın məsələdir ki, bütün haqsızlıqlara göz yumub evində oturan şəxsə sipər lazım deyil. Ayətullahul-üzma Nasir Məkarim Şirazi bu hədisin şərhində necə də gözəl yazır: “İslam dininin əsasları və Qurani-Kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bunu əsas tutaraq şəhid oldu.”[15] Bəli, bizim təqiyyə anlayışımız məhz bu cürdür. Əlbəttə ki, şiələr arasında da haqsızlıqlara boyun əyən kiçik bir qism ola bilər, bu daha çox nasibilərə aid olan bir xüsusiyyətdir. Onların öz aralarında “mürciə” adlandırdıqları bu insanların zalim hökumətlərə boyun əymək çağırışları ilə dolu bütün fətvalarını gətirmək üçün bütöv bir kitab belə kifayət etməz. Ona görə bunlardan yalnız birini – vəhhabi alimi Şeyx Məhəmməd Əl-Arifinin öz şəxsi “Twitter” hesabında verdiyi fətvanı təqdim edirəm: “Bəzi qardaşlar bizdən İsrail ərazisində müharibə etmək haqqda soruşur. Biz onlara deyirik: “Cihad etmək sülh və əminamanlıq olan ölkələrdə icazə verilmir, Səudiyyə Ərəbistan, Qətər və İsrail kimi...” Allah İslam ümmətini belənçi “alimlərdən” qorusun!
Təqiyyəni “ifşa edən” hədis silsiləsinin sonunda əl-Ucari İmam Sasiq (ə)-ın “Mömin (həmişə) mücahiddir. Çünki Allahın düşmənləri ilə batil dövlətdə təqiyyə vasitəsi ilə vuruşur, haqq dövlətdə isə qılınc vasitəsi ilə!”[16] rəvayətini qeyd edir və yazır: “Məhz bu cür təqiyyə şiələrə imkan verir ki, bizim üzümüzə gülsünlər, bizi qardaş adlandırsınlar, ikiüzlüklə islami vəhdətə çağırışlar etsinlər.” Birincisi təqiyyənin möminin xüsusiyyətlərindən olmasını Quran da təsdiq edir. “Ğafir” surəsinin 28-ci ayəsində oxuyuruq: “Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi?” Deməli Qurana görə mömin olmaq və eyni zamanda təqiyyə etmək bir-birinə zidd olmayan iki xüsusiyyətdir. İkincisi də, məgər özünü şiə kimi qələmə verib, Seyyid Əli Əkbər Ocaq Nejad, Mircəfər Əyyubov, Cavid Məmmədov kimi hörmətli alimlərə zəng vurub, onlarda heç olmasa bir səhv tapmaq və bunu dərhal internetə qoymaq uğursuz cəhdlərini edən nasibilər deyilmi?! Kafirlərə qarşı birləşmək üçün islami vəhdətə çağırmaq ikiüzlükdürsə, özünü müxalif əqidənin nümayəndəsi kimi qələmə verib müsəlman alimlərini aldatmaq isə ikiüzlük deyilsə, müəllifə başqa deyiləcək söz nə ola bilər ki?.. Onun “Vəhdət şiələr üçün sünnilərin şiəliyi qəbul etməsidir” yalanına gəlincə, Ayətullahul-üzma Seyyid Əli Xameneinin bir kəlamı ilə cavab vermək istəyirəm: “Şiələr və sünnilər arasında vəhdətin məqsədi o deyil ki, sünniləri öz tərəfimizə çəkək, ya da əksinə onların məzhəbinə keçək, məqsədi budur ki, vəhdət yaradaraq, əl-ələ verək və düşmənlərin müqabilində dayanaq."[17]
Əl-Ucari öz anti-təqiyyə qara-cizmasını Şeyx Səduq, İmam Xomeyni, Əbülqasim Xoyi (yeri gəlmişkən Xoyi ağanı “ayətullat – Latın ayəsi” adlandıraraq təhqir edir) kimi məşhur şiə alimlərinin təqiyyə haqqında sözlərini gətirməklə bitirir. Zindana salınan, sürgün edilən, oğlu şəhadətə yetirən, amma bütün bunlara rəğmən axırda öz məqsədinə çatıb, tağut şah rejimini devirən və onun yerində İslam dövlətini quran İmam Xomeyni (r.ə)-i təqiyyənin sui-istifadəsində ittiham etmək ümumiyyətlə gülüncdür. Onun təqiyyəni tərif edən sözləri isə, zülmlə mübarizə aparmaq gücündə olmayan müsəlmanlara xitabən yönəlib. Lakin İmam Xomeyni (r.ə)-in şirk, küfr, zülm və müstəmləkəçiliklə açıq mübarizə aparmaq çağırışlarını təqiyyə etmək çağırışları ilə müqayisə etsək, məşhər günü möminin əməl tərəzisinin kafirin əməl tərəzisinə qalib gələcəyi nisbəti ilə birinci üstün gələr. Şeyx Səduq (r.ə)-in “Təqiyyə vacibdir. Təqiyyəni tərk etmiş namazı tərk etmiş kimidir.”[18]  sözü də onun zəmanəsinə tam olaraq uyğundur. 5 məsum imamı şəhid etmiş abbasilər rejimi alimi niyə şəhid etməsin? Bu cəhətdən “təqiyyəni tərk etmiş namazı tərk etmiş kimidir” sözünün bir işkalı yoxdur, çünki o vaxt təqiyyə etməyən şiə təkcə özünü yox, öz mömin qardaşlarını da təhlükə altına atırdı, onların zindana salınmasına və hətta şəhid edilməsinə bais ola bilərdi. Mömin qardaşını öz əli ilə ölümə göndərmək məgər elə namazı tərk etmək kimi böyük günah deyil? Necə ki, Rəsulallah (s) buyurur: “Özü üçün istədiyi xeyri mömin qardaşı üçün istəməyən bəndənin imanı yoxdur.”[19] İmanı olmayanların ilə əksər namaz qılmayanların yeri isə eynidir – cəhənnəm. Bu cəhətdən Şeyx Səduq (r.ə)-in kəlamı tamamilə doğrudur.
Nəticə. Allahın köməyi ilə bu kiçik yazıda nasibi Əbu Əli Əbdullah əl-Ucarinin 12 imamın haqq məzhəbinə ləkə gətirmək cəhdinin qarşısını aldım, onun şiə əqidəsinin əhəmiyyətli, bununla belə vacib sayılmayan hissəsi olan təqiyyə barəsində yalanlarını cavablandırdım. Ümidvaram ki, Haqqı axtaranlar üçün faydalı olacaq. Yazımı sona çatdırmaqdan əvvəl təqiyyə haqqında bir əhəmiyyətli mətləbi də qeyd etmək istərdim. Əl-Ucari və onun həmfikirləri təqiyyə haqqında danışanda, bunu “şiələrin sünnilər qarşısında yalan danışması” kimi qələmə verirlər. Lakin əhli-şiənin “Möminlərin öz mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə kafirlərlə dostluq izhar edərək təqiyyə edənlərdən başqa.”[20] ayəsinə əsasən sünnilər və ya hansısa digər müsəlmanlar qarşısında təqiyyə etməli caiz bilmir! Bügünkü şəraitdə biz yalnız və yalnız Amerika, sionist İsrail rejimi və onların müsəlman ölkələrində yerli nökərləri qarşısında təqiyyə etməyi caiz bilirik. Və əgər şiə alimləri “Əbu Bəkri, Öməri və Osmanı söymək haramdır”[21] deyirlərsə, deməli bu təqiyyə yox, onların səmimi fikiridir. Nasibilər irad tuta bilərlər ki, “Məgər şiələr sünniləri kafir saymırlar?” Böyük şiə alimləri - İmam Xomeyni (r.ə)-in “Şiələr və sünnilər qardaşdır və hüquqlarında bərabərdir”[22], Seyyid Əli Xameneinin “Şiə və sünni qardaşdır”[23], Seyyid Əli Sistaninin “Sünnilər bizim qardaşlarımız deyil, özümüz və canımızdır”[24] kimi sözləri bu iddianın tamailə yalan olduğunu isbat edir. Bu sözlərin də “təqiyyə” olduğunu söyləmək üçün isə, gərək insanda əqli problemlər olsun. Seyyid Məhəmməd Hüseyn Fəzlullah (r.ə)-in təbiri ilə desək: “Minlərlə kitabların nəşr olunduğu bir vaxtda bunların təqiyyə prinsipindən qaynaqlanması əsla mümkün deyil.”[25] Bu sözlərin “təqiyyə” olduğunu söyləmək Amerika və sionist İsrail rejiminə xidmət etmək deməkdir. Necə ki, İmam Xomeyni (r.ə) buyurur: “Bir şiə bir sünnini, bir sünni də bir şiəni məzhəbinə görə təkfir etsə - yəhudiyə xidmət etmiş olur."[26] Doğrudan da, bir halda ki, hətta “kafirlər də bir-birinə dostdurlar”[27] niyə şiə və sünni məzhəbli müsəlmanlar bir-birinə dost olmasınlar? Və mən əminəm ki, Amerika, İsrail və əl-Ucari kimi “sapı özümüzdən olan baltaların” bütün səylərinə rəğmən, dünya miqyasında islami vəhdətin nail olunacağı gün uzaqda deyil inşAllah! Vəssalamu əleyküm və rəhmətullahi və bərəkatuh.

Mənbələr:

[1] – Qurani-Kərim, “Bəqərə” surəsi, 78-ci ayə
[2] – Qurani-Kərim, “Bəqərə” surəsi, 42-ci ayə
[3] – ən-Nəsai “Kitab əs-Sünən əl-Kübra”, c.8, s.111, əl-Hakim “Müstədrəkul-Hakim”, c.2, s.357, c.3, 392, ət-Təbəri “Təfsirul-Təbəri”, c.14, s.122, əl-Qurtubi “Təfsirul-Qurtubi”, c.10, s.180, Vahidi “Əsbabul-Nüzul”, s.162
[4] – Qurani-Kərim, “Nəhl” surəsi, 106-cı ayə
[5] – əl-Qurtubi “Təfsirul-Qurtubi”, c.10, s.180, ət-Təbəri “Təfsirul-Təbəri”, c.14, s.122, Səmərqəndi “Təfsirul-Səmərqəndi”
[6] – ibn Macə “Kitab əs-Sünən”, hədis 2045, əl-Hakim “Müstədrəkul-Hakim”. Albani “İrva əl-Ğalil” kitabında bu hədisi səhih adlandırmışdır.
[7] – Qurani-Kərim, “Kəhf” surəsi, 56-cı ayə
[8] – Qurani-Kərim, “Nisa” surəsi, 140-cı ayə
[9] – Şeyx əl-Kuleyni “əl-Kafi”, c.2, s.219
[10] – “Mumtəhinə” surəsi, 9-cu ayə
[11] – Şeyx əl-Kuleyni “əl-Kafi”, c.2, s.217
[12] – İmam Cəfər Sadiq "Tövhidi-Müfəzzəl", s.4
[13] – Şeyx Səduq “əl-Xisal”, s.351, hədis 27
[14] – Hürr Amili “Vəsailuş-Şiə”, c.11, s.461
[15] – Məkarim Şirazi “Təqiyyə və onun fəlsəfəsi nədir?”
[16] – Şeyx əl-Kuleyni “əl-Kafi”, c.2, s.168, hədis 1
[17] – Seyyid Əli Xameneinin hicri-qəməri 1411-ci ildə “Vəhdət həftəsi” münasibətilə etdiyi çıxış
[18] – Şeyx Səduq “Risalətul-etiqadət”, s.104
[19] – Buxari "Əl-cəmi əs-səhih", Müslim, “əl-Cəmi üs-Səhih”, Hindi “Kənzul-Ummal”, hədis 95
[20] – Qurani-Kərim, “Ali-İmran” surəsi, 28-ci ayə
[21] – Seyyid Əli Xamenei “Dəftərxana”, Seyyid Məhəmməd Hüseyn Fəzlullah “Ukaz” qəzeti, 9/10/2008
[22] – Mövlana Əbdul Həmid İsmayıl Zehi “Şiələr və sünnilər bərabərdir”
[23] – Seyyid Əli Xameneinin 14.05.2009 tarixdə Kürdistan ostanının əhalisi qarşısında çıxışı
[24] – Seyyid Əli Sistaninin “İslami vəhdət” konfransına məktubu
[25] – Bax: 21-ci mənbə
[26] – İmam Humeyni (r.a) ile ilgili yapılmış tasarımlar
[27] – Qurani-Kərim, “Ənfal” surəsi, 73-cü ayə

Asim Məmmədov, 16.03.2013 (AMEA-nın doktorantı Rəşad Əbdul Haqq tərəfindən yoxlanılıb)