четверг, 25 апреля 2013 г.

Asim Məmmədov həbsdə yazdığı şeiri təqdim etdi


Hacı Talenin həbsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada iştiraka görə həbs olunan jurnalist təcridxanada şeir yazıb və İslamazeri.az-a göndərib.

Aprelin 1-də Nardaranda ilahiyyatçı Hacı Tale Bağırovun həbsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada iştiraka görə həbs olunan və Binəqədi təcridxanasının 8-ci kamerasında saxlanılan yusiflərə ithaf:

Salam olsun məhkum həqq əhlinə!

Mömin zindanda – yenə azadə,
Salam olsun məhkum həqq əhlinə!
Fəqət Allahı çağrar imdadə, –
Salam olsun məhkum həqq əhlinə!

Kamera səkkizdən gələn sədayi-azan
Səslənəndə bağa dönür zindan.
Fərar edir lənətlik şeytan
Çün yetmir gücü fələq əhlinə.

Məst edir insanı sizdəki rəftar, –
Mehriban dostluq olub bərqərar
Dayaqsız bir-birizə dər hər kar –
Xoşdur Allaha və mələk əhlinə.

Asim ibrət götürür sizlərdən,
Uzaq qərar tutduz zalimlərdən
Hizbullah qalibun – məlum Kərimdən
Söylədiz bunu nəhəqq əhlinə!

- - - - - - - - - - - - - - -
Fərar etmək – qaçmaq
Fələq – sübh
Dər hər kar – hər işdə
Hizbullah qalibun – Allahın firqəsi qalibdir. Qurani-Kərimin “Maidə” surəsinin 56-cı ayəsidir.

среда, 24 апреля 2013 г.

İmam Əli ibn Musaya “Riza” ləqəbinin verilmə səbəbi


Rey şəhərində yaşayan müəllif Əbu Cəfər Mühəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qummi (Allah ona itaət üçün kömək etsin və onu sevib razı qaldığı şeyləri etməyə müvəffəq etsin) deyir:

1 - Əhməd ibn Məhəmməd ibn Əbu Nəsir Bəzəntidən belə dediyi nəql olunmuşdur: İmam Cavada ərz etdim: “Sizin müxaliflərinizdən bəziləri Məmunun atanızı öz vəliəhdi olaraq bəyənib seçdiyi üçün ona Riza adını verdiyini güman edirlər.” İmam Cavad buyurdu: “And olsun Allaha ki, bu doğru deyil, yalan danışırlar. Ona Riza adını Allah Təbarək və Təala verdi. Çünki o göylərdə Allah üçün, yer üzündə Peyğəmbər və ondan sonrakı imamlar üçün razı olduğu biri idi.” Bəzənti deyir ki, “Bəs məgər digər babaların Allah, Peyğəmbər (s) və imamların (ə) razı olduqları kəslər deyildirlər?” ərz etdiyimdə buyurdu ki, “Əlbəttə.” Mən də dedim: “Yaxşı bəs niyə onların içində yalnız atanız Riza adlandırıldı?” Buyurdu: “Çünki dostları və tərəfdarları ondan razı olduqları kimi, düşmənləri və müxalifləri də ondan razı idilər. Bu vəziyyət babalarımdan heç biri üçün sabit olmamışdır. Bu səbəbdən onların arasında yalnız atama "Riza" adı verildi.”

2 - Süleyman ibn Həfs əl-Mərvəzidən rəvayət olunmuşdur ki, İmam Kazım (ə) oğlu Əliyə “Riza” deyərdi. Məsələn: "Oğlum Rizanı çağırın...", "Oğlum Rizaya dedim...", "Oğlum Riza mənə dedi ki..." şəklində buyurardı. İmam Rizaya müraciət ediləndə isə "Ey Əbül Həsən" deyə xitab edərdilər.

Mənbə: Şeyx Səduq “Uyuni-əxbari-Riza”, 1-ci cild, 1-ci fəsil.