четверг, 29 марта 2012 г.

Şah İsmayıla atılmış iftiraya cavab


  Bir müddət əvvəl məşhur yazıçı və publisist Güntay Gəncalpın "Axundovçuluq və antiaxundovçuluq üzərinə" məqaləsinə rast gəldim. Həmin yazıda müəllif böyük tarixi şəxsiyyətimiz Şah İsmayıl Xətaini "20 min sünni adamın başını kəsməkdə", "Livan dilənçilərini Azərbaycana köçürtməkdə", "30 milyon Azərbaycan türkünü fars şovinizminə təslim etməkdə", "Kərbəla şəhidi Hürrün qəbrini açmamaqda" və s... günahlarda ittiham etmişdir. Gəlin bu ittihamlara bir-bir cavab verək:
  1. "20 min sünni adamın başını kəsmək" ittihamı. Məlum olduğu kimi, Şah İsmayıl 1501-ci ildə Təbrizə girəndə belə bir cümlə işlətmişdir: "Əgər kimsə mənə şiəliyi yaymaqda müqavimət göstərsə, mən böyük Allahın köməyilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram". Bu kəlimə sonralar bədniyyətli insanlar arasında müxtəlif söz-söhbətlərə səbəb oldu. Həqiqət isə bundan ibarətdir ki, Şah İsmayıl iki səbəbə görə 20 min sünninin başını kəsə bilməzdi: 1) O vaxt Təbrizdə heç bu qədər sünni yaşamırdı! Məşhur İran tarixçiləri N.Şeybani və S.Rəhimzadə qeyd edirlər ki, o vaxt bütün İranın (o cümlədən Təbrizin) əhalisi demək olar ki, tamamilə şiələrdən ibarət idi. Belədə 100 minlik Təbrizdə 20 min sünninin yaşaması qeyri-real görünür. 2)-si Şah İsmayıl demişdir ki, mən yalnız müqavimət olan halda qılınca əl ataram, amma iş ondadır ki, müqaviməti göstərən tapılmadı. Bunun da səbəbi çox sadə idi: Azərbaycan xalqı həmişə gizlində Əhli-Beytə (ə) böyük sevgi-məhəbbət göstərirdi və şiəliyin rəsmiyyətə alınması Şah İsmayılın şəxsi təşəbbüsü yox, elə xalqın istəyi idi. Venetsiya səyyahlardan biri də bu fikiri təsdiq edir: "Şah İsmayıl xalq içərisində böyük şöhrət qazanmışdı və ona xilaskar, imam Mehdi kimi baxırdılar". Bu kəlimə eyni zamanda iki şeyi sübut edir: 1)-si xalq Şah İsmayılı dəstəkləyirdi, 2)-si də xalqın İmam Mehdiyə etiqadı var idi (yəni şiə idi!).
  2. "Livan dərvişləri və dilənçilərini Azərbaycana köçürtmək və onlara yüksək dini vəzifələr vermək" ittihamı. Bu iddiaya cavab vermək üçün o vaxt yüksək dini vəzifələri tutmuş alimlərin siyahısına nəzər salmaq kifayətdir:
  Xacə Cəmaləddin Məhəmməd Təbrizi - Çaldıran vuruşmasından sonra vəkil vəzifəsində çalışmışdır.
  Şəhabəddin Abdulla Lalə - Azərbaycanın tanınmış seyidlərindən idi, 1514-cü ildə sədr vəzifəsinə təyin olunmuşdur.
  Qazi Cahan Qəzvini - Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzir olmuşdur.
  Ağa Molla Qəzvini - 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş vəzirlər şurasının üzvü olmuşdur.
  Mövlana Məhəmməd Əli Təbrizi - atası Molla İnayətulla dünyasını dəyişdikdən sonra, Səfəvi sarayında yüksək ruhaniyyət məqamına yetişmişdir.
  Bu siyahını uzatmaq da olar. Gördüyünüz kimi, Səfəvilərin yüksək məqamlı ruhaniləri heç də "livanlı axundlar" yox, təbrizli və qəzvinli azərbaycanlılar olublar. Əlbəttə ki, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin əcdadlarının Şah İsmayılın vaxtında Livandan Azərbaycana köçdüyünü nəzərə alsaq, cənab Gəncalpın iddiasını bir növ əsaslandırmaq olar. Amma tarixi arxivləri araşdırsaq, görərik ki, Azərbaycanda livanlı mühacirlərin sayı çox cüzi olub və onlar heç də iddia olunduğu kimi sarayda feodallıqla yox, elə vətənlərində kimi küçələrdə dini təbliğat ilə məşğul idi.
  Həmçinin Gəncalpın məqaləsini diqqətlə analiz edəndə, maraqlı bir məqama rast gəldim. Müəllif yazır ki, "Şah İsmayıl Livanın küçələrində sülənib dərvişlik edən şiə axundları Təbrizə dəvət etdi. Bunların başında Məclisi ailəsi dururdu". Hərçənd Şah İsmayıl və Əllamə Məclisi nəinki eyni illərdə, heç eyni esrlərdə belə yaşamayıblar! Şah İsmayıl 1487-ci, Məclisi isə 1616-ci ildə dünyaya gəlmişdir. Aralarında düz 129 il (!) yaş fərqi var! Belədə Güntay bəyin daha bir köbud səhvi aşkara çıxır...
  3. "30 milyon Azərbaycan türkünü fars şövinizminə təslim etmək" ittihamı. Açığı deyim Azərbaycan dilini İranda yeqanə rəsmi dil kimi tanıtdıran və qeyri-türk millətindən olanlara silahı gəzdirməyi gadağan edən bir insanın (yəni Şah İsmayılın) "fars şovinizmində" ittiham olunması mənim üçün çox gözlənilməz oldu. Dil və silahı qoyaq bir qırağa, Səfəvi dövləti şahlıq, müasir İran İslam Cümhuriyyəti isə əsasları Həzrəti İmam Xomeyni (r.ə)-in "Hökümət-i İslami" kitabında təşəkkül tapmış Vilayəti-Fəqih sistemilə idarə olunur. Nəzərə alsaq ki, Vilayəti-Fəqih və Şahlıq sistemləri bir-birinə zidd və düşmənçilik bəsləyən quruluşlardır, asanlıqla başa düşə bilərik ki, İranın indiki höküməti heç də səfəvilərdən mənşə almır. Və İran azərilərinin bugünkü müşküllərində səfəviləri ittiham etmək çox gülünc və yersizdir.
  4. Və nəhayət sonuncu ittiham: cənab Gəncalp Şah İsmayılın Kərbəla şəhidi Hürrün qəbrini açmasına şübhə edərək yazır: "Gəlin bu məsələyə ağlın mühakiməsi ilə baxaq. Niyə İsmayıl Hürrün qəbrini açır? Bu səlahiyyəti ona kim vermiş? İsmayıldan 900 il öncə ölmüş bir adamın qanı hələ də axa bilər?" Baxaq deyirsiz, baxaq! :) Əlbəttə mən Xudavəndi təbarək və təalanın Qurani-Kərimdə şəhidlərin ölməzliyini bəyan etməsini yaza bilərdim. Amma materialist düşüncəli bir adam üçün bu kifayət etməz. Ona görə görə tarixdə mövcud olan konkret nümünələrnən yazacam. Görkəmli İran alimi Əliəkbər Mehdipur "Əcsadi-cavidan" ("Diri meyitlər") adlı kitabda tarix boyu cəsədlərinin çürümədən salamat qalması məlum olan 136 nəfər haqqında ətraflı söhbət açmışdır. Bu 136 nəfərin cəsədi dəfn edildikdən uzun müddət sonra müxtəlif səbəblər üzündən (cəsədin başqa yerə köçürülməsi, qəbrin uçulub dağıdılması, qəbristanlığı sel aparması, bəzi suallara cavab tapmaq üçün qəsdnən qəbrin açılması və s...) qəbirdən çıxarılmış və onlarda qətiyyən çürümə əlamətləri müşahidə olunmamışdır. Həmin "diri meyitlərin" siyahısında Abdullah ibn Əbdul Müttəlib (VI əsr), Şeyx Kuleyni, Şeyx Səduq (hər ikisi X əsr), Şəhid Burğani, Ayətullah Fazil Lənkərani (hər iksi XIX əsr) və başqa tanınmış şəxsiyyətlər var. Çürüməyən cəsədlər təkçə müsəlmanlarda yox, başqa dinlərin nümayəndələrində də var. Onların arasında xristian rahibəsi Bernadet Subiruyanı və buddist laması Xambo İtiqelovu qeyd etmək olar. Belədə aydın olur ki, 828 ildən sonra Hürrün başından hələ də qanın axması heç də təəccüblü və qeyri-real görünmür, çünki tarixdə belə nümunələr kifayət qədər var.
  Başqa yerdə Gəncalp yazır: "Bu hadisə səfəvilərin oyunbazlığıdır, çünki heç bir tarixi qaynaq onu yazmır." Möhtərəm oxucuları yormamaq üçün bu "mövcud olmayan" qaynaqlardan yalnız birini - Şeyx Abbas Quminin, "Nəfsu'l-məhmum" kitabını qeyd edirəm. Həmin kitabda yazılıb: "Kərbəla faciəsindən 850 il sonra, hicri 914-cü (miladi 1508) ildə Şah İsmayıl Xətai İraqı fəth etdi. Onun əmri ilə İraqdakı müqəddəs ziyarətgahları təmir edib, üzərində yaraşıqlı məscidlər tikməyə başladılar (Hərçənd Gəncalp əksinə onların dağıdılmasını iddia edir - A.M). Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini inkar edib, guya onun tövbəsinin qəbul olmadığını bildirdilər. Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini açmağı əmr etdi. Bu zaman cəngavər Hürrün cəsədi başdan ayağa kimi təzə, bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Cənazənin başında İmam Hüseynin (ə) öz əli ilə bağladığı dəsmal da qalmışdı. Şah İsmayıl həmin dəsmalı təbərrük kimi saxlamaq niyyətilə cəsədin başından açmağa göstəriş verdi. Amma dəsmal açılan kimi yaradan al qan axmağa başladı. Cənazənin başını başqa dəsmalla bağlamaq istəsələr də, qan kəsilmədi. Axırda məcbur olub, həmin dəsmalı yenə öz yerinə bağladılar və qan kəsildi. Şah İsmayıl bu hadisədən sonra Hürrün qəbri üzərində də böyük məscidin tikilməsi üçün göstəriş verdi."

  Mənbələr:

  1. Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti"
  2. İsgəndər bəy Münşi "Tarix-i aləmaray-i Abbasi"
  3. Mucan Mömin "Şiə İslamına müqəddimə"
  4. Natiq Rəhimov "Çürüməyən cəsədlər"
  5. Şeyx Abbas Qumi "Nəfsu'l-məhmum"

Комментариев нет:

Отправить комментарий