Nəhayət ki, dahi rejissör
Kventin Tarantinonun intizarla gözlədiyimiz yeni filmi “Azad olunmuş Canqo”
böyük ekranlara çıxıb. Əminliklə demək mümkündür ki, Kventin bu dəfə öz
pərəstişkarlarını məyus etmədi. “Ceki Braun” və “Ölümün isbatı” kimi filmlərlə
uğursuzluq yaşayan amerikalı rejissör üçün “Canqo” hələ də qocalmadığını
göstərmək üçün əla fürsət oldu. Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan bu
film maliyyə cəhətindən də sərfəli oldu. Belə ki, ekranlara çıxdıqdan cəmi 3
günün keçməsinə rəğmən, “Canqo” artıq 130 milyon dollar toplaya bilib.
Spaqetti-vestern janrında olan bu kinoəsərin əsas hədəfi tamaşaçıları
əyləndirmək olsa da, Kventin siyasi mövzudan da yan keçmədi. Belə ki, eyni adlı
zəncinin hekayəsi olan “Canqo” Amerikada vətəndaş müharibəsindən əvvəl hökm
sürmüş quldarlıq rejimini bütün çılpaqlıqla ifşa edir. Canqonun arvadı
Brumqilda (ona bu adı alman sahibləri mırta qoymuşdular) qəddarlığa görə bizim
XIX əsr “ağa” və “bəy”ləri xatırladan Kelvin Kendinin evində qul həyatını
sürür. Sevdiyi xanımı xilas etmək üçün Canqo “insan ovçusu” doktor Kinq Şultsla
birləşir. Onlar qaydasız döyüşçüləri almaq bəhanəsilə Kelvinin evinə daxil
olurlar. Şizofreniyanın yüngül formasından əziyyət çəkən Kelvin Canqo və Şults
qarşısında ciddi maneə deyil, lakin Kendi ailəsinin neçə illik xidmətçisi olan
qaradərili Stiven cütlüyün Brumqildanı qaçırtmaq planını ifşa edir. Qəzəblənən
Kelvin Brumqildanı yalnız 12 min dollara satacağını bəyan edir. Bu vaxt isə ...
ardını danışmayacağam. Çünki belədə filmi izləməyə marağınız qalmaz.
Qeyd etdiyim kimi, quldarlığın yaratdığı anti-insani fəsadlar mövzusu
filmin ana xəttini təşkil edir. Tarantino özü bunu belə şərh edir: “Quldarlıq
ölkəmin ən qara səhifələrini yazmış iyrənc və rüsvayçı bir fenomendir. Mövcud
olduğu 245 illik tarixi ərzində quldarlıq elə faciələr yaratmışdır ki, bu
millətin gələcək inkişafına təsir göstərib. Əgər quldarlıq olmasaydı, biz bugün
tamam başqa bir xalq olardıq.” Səhnələrin birində Kelvin “ağa” ritorik sual
verir: “Mən uşaqlıqdan zəncilərin əhatəsində böyümüşəm, amma bir şeyi başa
düşmürəm: niyə onlar bu qədər zülmü görə-görə, bizə qarşı üsyan qaldırıb,
bizi kəsib-doğramırlar?” Öz sualına özü cavab verən Kelvin bunun səbəbini belə
izah edir: zülmə tabeçilik zəncilərin qanındadır. Onun fikrinə görə,
qaradərililər “ikinci sort” adamlardır. Bu cür irqçi düşüncənin nə qədər səhv
olduğunu Kelvin yalnız hadisələrin sonunda anlayır. Lakin artıq gec idi ...
Sonda onu qeyd etmək istərdim ki, “Azad olunmuş Canqo” zəif ürəkli
insanlar üçün nəzərdə tutulmayıb. Çünki filmdə əks olunmuş quldarların
zəncilərə qarşı fiziki cəzaları hər adam rahat izləyə bilməz. Ümumi götürsək
isə “Canqo”nu izləməyə dəyər. Həm irqçiliyin nə qədər çirkin bir fenomen
olduğunu anlamaq üçün, həm də tamaşaçını qəmgin fikirlərdən biraz uzaqlaşdırmaq
üçün verilmiş məzəli momentlərdən mənəvi həzz almaq üçün. İyi seyretmələr!
Asim Məmmədov,
Islamazeri.az
Комментариев нет:
Отправить комментарий