Gər mana nifrin edər düşmən, mən andan qəm yemən
Kim, münafiqdən gələn qarğış dua nisbətlüdür. (Şah İsmayıl Xətai)
Bir müddət əvvəl
yazıçı və publisist Güntay Gəncalpın "Səfəvi
kimliyinə fərqli baxış" adlı kitabı işıq üzü
görüb. Həmin kitabda və həmçinin "Axundovçuluq və
antiaxundovçuluq üzərinə" məqaləsində müəllif
böyük tarixi şəxsiyyətimiz Şah İsmayıl Xətaini "20 min
sünni adamın başını kəsməkdə", "Livan dilənçilərini
Azərbaycana köçürtməkdə",
"30 min Azərbaycan türkünü fars şovinizminə təslim
etməkdə", "Əslində şair olmadığında", "Kərbəla şəhidi
Hürrün qəbrini açmamaqda" və s... günahlarda
ittiham etmişdir. Bu iftiralara bir-bir cavab verərik, sadəcə öncə əziz
oxucaların diqqətini bir-neçə maraqlı mətləbə cəlb
etmək istəyirəm: kitabda demək
olar ki, hər səhifədə rast
gəlinən qrammatik səhvləri hələ diqqətsizliyə və
klaviaturanın nasazlığına silmək olar. Amma özünü "tədqiqatçı"
adlandıran şəxs üçün bağışlanmaz olan məzmun səhvlərini
fəqət savadsızlığnan izah etmək
olar. Hətta kitabın əsas mətninin elə
birinci cümləsində müəllif ciddi səhvə imza
atır: (Bu və digər sitatlarda orfoqrafiya orijinalda olduğu
kimi saxlanılıb) "Türklərin İslamiyətlə
tanışlığını tarixçilər 751-ci il Talas savaşı zamanına
bağlamaqdadırlar." Məlum olduğu kimi, bütün tarixçilərin nəzəri ilə
İslam dini Azərbaycana 642-ci ildə ərəb
qoşunları ilə daxil olub. Gəncalpın "751-ci
il" kəliməsini işlətməsi fəqət iki
şeydən xəbər verə bilər: o
ya Azərbaycanı türk ölkəsi kimi qəbul
etmir, ya da yuxarıda qeyd etdiyim faktı bilmir. Gəncalp, özünün bütün
yazılarında və o cümlədən "Səfəvi
kimliyinə fərqli baxış" kitabında dəfələrnən
"türklükdən" dəm vurduğundan, birinci heç inandırıcı
görünmür. Belədə qalır ikinci variant, yəni müəllif
İslamın Azərbaycana gəlməsinin 642-ci ildə baş verməsini
bilmir! Ortaya məntiqi sual çıxır: belə bir məşhur
faktı bilməyən insan, nə cür tarix kitabı yaza
bilər? Və əgər yazıbsa, bunu nə qədər
ciddi qəbul etmək olar? Nəisə...
Keçək iftiraların cavablandırılmasına:
1. Şah İsmayılın qaralamasına keçməzdən öncə, Gəncalp
Şahın ulu babası Şeyx Səfiəddin (r.ə) haqqında bəzi əsassız
iddialar edir. Əvvəla
onu deyim ki, müəllif "Səfiəddin" yerinə inadla "Səfyəddin"
yazır. Bu da onun ərəb qrammatikasından bixəbər
olmasını göstərir. Çünki "əddin" sonluğu ilə bitən
adlar mütləq hansısa məna verməlidir. Məsəl
üçün: Fəxrəddin (dinin fəxri), Sədrəddin
(dinin sədri), Nizaməddin (dinin nizamı) və s...
Səfiəddin ismi "dinin səffaflığı"
deməkdir. Gəncalpın yazdığı "Səfyəddin"
variantı isə heç bir məna vermir, çünki ərəb
dilində "səfy" sözü yoxdur! Yenə də
ortaya sual çıxır: heç bəhs etdiyi insanın adını düzgün yaza bilməyən şəxs
necə onun haqqında dərin elmi mülahizələr edə bilər?! Əksər suallarım kimi bu sual da çox gümanki
cavabsız qalacaq...
Gəncalpın Şeyx haqqında etdiyi böhtanları bir
cümlə ilə ifadə etmək istəsək belə nəticə
alınar: "Şeyx təsis etdiyi xanigahda (!) gecə-gündüz səmazənliklə məşğul
olur, rəqs eləyir (!!) və eşşək ətini
(!!!) yeyir." Əgər onun sözlərinə
inansaq, Şəyxin təsis etdiyi "Darül-irşad" elmi mərkəzi əslində elm
ocağı yox, sözün əsl mənasında DİSKOTEKA idi! Hərçənd
bütün ciddi əcnəbi alimlər bu darül-irşadın (Gəncalpın
dili ilə desək "Xanigahın") məhz
elm mərkəzi olduğunu təsdiqləyirlər. Hətta
hollandiyalı səyahətçi Streys orda saxlanılan kitablarından öz
heyranlığını gizlədə bilməyib! (Bax: Y.Mahmudov,
"Səyahətlər, kəşflər, Azərbaycan",
səh.178). Darül-irşadın elm ocağı olmasının başqa bir dəlili
"Səfvətüs Səfa" kitabında nəql
olunmuş çoxsaylı rəvayətlərdi. Hətta bu kitabın dördüncü
babı tamamilə şagirdlərin Şeyxə ünvanlanmış şəri və fəlsəfi
suallardan və onun verdiyi cavablarından ibarətdir.
Bu onu göstərir ki, Şeyx müctəhid kimi fəaliyyət
göstərirdi, Gəncalpın dediyi kimi "Dans öyrətməni"
kimi yox.
2. "20 min sünni adamın başını kəsmək"
iftirası. Barəsində söhbət etdiyimiz kitabın
141-ci səhifəsində Gəncalp
belə yazır: "Bir neçə gün içində Təbrizdə 20
min əhali öldürüldü. Şah İsmayılın Təbrizdə törətdiyi
cinayətə bəşər tarixi tanıq olmamışdır. Bəlkə Şah
İsmayılı Neronla qiyaslamaq olar. Şah İsmayılın törətdiyi qətllərin xəbəri
Avropaya da gedib çatmışdı." Məlum olduğu kimi, Şah İsmayıl 1501-ci ildə Təbrizə girəndə belə bir
cümlə işlətmişdir: "Əgər kimsə mənə şiəliyi yaymaqda müqavimət
göstərsə, mən böyük Allahın köməyilə
qılınca əl ataram və bir nəfəri də sağ
qoymaram". Bu kəlimə sonralar bədniyyətli
insanlar arasında müxtəlif söz-söhbətlərə səbəb
oldu. Həqiqət isə bundan ibarətdir
ki, Şah İsmayıl iki səbəbə görə 20 min sünninin başını
kəsə bilməzdi: 1) O vaxt Təbrizdə heç
bu qədər sünni yaşamırdı! Məşhur
İran tarixçiləri N.Şeybani və S.Rəhimzadə qeyd
edirlər ki, o vaxt bütün İranın (o cümlədən Təbrizin)
əhalisi demək olar ki, tamamilə şiələrdən
ibarət idi. Belədə 100 minlik Təbrizdə 20
min sünninin yaşaması qeyri-real görünür. 2)-si Şah İsmayıl demişdir ki, mən fəqət
müqavimət olan halda qılınca əl ataram, amma iş
ondadır ki, müqaviməti göstərən tapılmadı. Bunun da səbəbi çox
sadə idi: Azərbaycan xalqı həmişə
gizlində Əhli-Beytə (ə)
böyük sevgi-məhəbbət göstərirdi və şiəliyin
rəsmiyyətə alınması Şah İsmayılın şəxsi təşəbbüsü
yox, elə xalqın istəyi idi. Venetsiya səyyahlardan biri də bu
fikiri təsdiq edir: "Şah İsmayıl xalq içərisində
böyük şöhrət qazanmışdı və ona xilaskar, imam
Mehdi kimi baxırdılar" ("Venetsiyalıların səyahətləri",
səh.218). Bu kəlimə eyni zamanda iki şeyi
sübut edir: 1-si xalq Şah İsmayılı dəstəkləyirdi, 2-si də xalqın İmam Mehdiyə
etiqadı var idi (yəni şiə idi!).
Maraqlıdır ki, heç mövcud olmayan soyqırım
haqqında böyük "ürək ağrısı" ilə danışan Gəncalp
Təbrizdə 1585-ci ildə baş vermiş əsl
soyqırıma ümumiyyətlə toxunmur. Bu tarixdə
osmanlılar Təbrizi ələ keçirib, şəhərdəki
binaları, məscidləri, sarayları yerlə-yeksan ediblər,
dinc əhalini isə qılıncdan keçiriblər. Səfəvilərin
qayğısı sayəsində çiçəklənən Təbriz
Yaxın Şərqdə tayı-bərabəri
olmayan bir ictimai-mədəni mərkəzdən
Osmanlının vəhşi hücumu nəticəsində ölü
şəhərə çevrilmişdir. Osmanlı vurğunu olan Gəncalp
isə nədənsə bu fakt haqqında inadla susur...
3. "Livan dərvişləri və dilənçilərini
Azərbaycana köçürtmək və
onlara yüksək dini vəzifələr
vermək" iftirası. Bu böhtana cavab vermək
üçün o vaxt yüksək dini vəzifələri
tutmuş alimlərin siyahısına nəzər
salmaq kifayətdir:
Xacə Cəmaləddin Məhəmməd Təbrizi
- Çaldıran vuruşmasından sonra vəkil vəzifəsində
çalışıb.
Şəhabəddin Abdulla Lalə - Azərbaycanın
tanınmış seyidlərindən idi, 1514-cü ildə sədr vəzifəsinə təyin
olunmuşdur.
Qazi Cahan Qəzvini - Şah İsmayılın
sonuncu dəfə təyin etdiyi vəzir olmuşdur.
Ağa Molla Qəzvini - 1525-ci ilin
bir neçə ayı ərzində dövləti
idarə etmiş əmirlər üçlüyünə öz
tövsiyələrini hazırlamaq məqsədilə təsis
edilmiş vəzirlər şurasının üzvü olmuşdur.
Mövlana Məhəmməd Əli Təbrizi - atası Molla İnayətulla
dünyasını dəyişdikdən sonra, Səfəvi
sarayında yüksək ruhaniyyət məqamına yetişmişdir.
Bu siyahını uzatmaq da olar. Gördüyünüz kimi,
Səfəvilərin yüksək məqamlı
ruhaniləri heç də "livanlı axundlar" yox, təbrizli
və qəzvinli azərbaycanlılar olublar. Əlbəttə ki, Ərdəbilin imam-cüməsi Seyid Həsən
Amilinin əcdadlarının Şah İsmayılın vaxtında Livandan Azərbaycana
köçdüyünü nəzərə alsaq, Gəncalpın iddiasını bir
növ əsaslandıra bilərik. Amma tarixi arxivləri
araşdırsaq, görərik ki, Azərbaycanda livanlı mühacirlərin
sayı çox cüzi olub və onlar heç də iddia olunduğu kimi sarayda feodallıqla
yox, elə vətənlərində kimi küçələrdə dini
təbliğat ilə məşğul idilər.
Həmçinin Gəncalpın "əsərini"
diqqətlə analiz edəndə,
maraqlı bir məqama rast gəldim. Müəllif yazır ki,
"Şah İsmayıl Livanın küçələrində sülənib dərvişlik
edən şiə axundları Təbrizə dəvət
etdi. Bunların başında Məclisi ailəsi dururdu". Hərçənd
Şah İsmayıl və Əllamə Məclisi
nəinki eyni illərdə, heç eyni əsrlərdə belə
yaşamayıblar! Şah İsmayıl 1487-ci, Məclisi isə 1616-ci ildə
dünyaya gəlmişdir. Aralarında düz 129 il (!) yaş fərqi
var! Belədə Gəncalpın daha bir köbud səhvi
aşkara çıxır... (Maraqlıdır ki, mən bu məsələni Gəncalpa
irad tutanda, o bir müddət fikirləşdikdən
sonra, cavab verdi ki, "Mən Məclisinin özünü yox,
onun ailəsini nəzərdə tutmuşam." Ancaq bu söhbəti
fırlatmaqdan başqa heç nə deyil, çünki kitabın 136-ci səhifəsində o
yazır: "Mehdinin zühuru ilə bağlı Məclisinin "Bəhar-ul
ənvar" kitabının "Mehdiyi moud" bölümünə
müraciət edilə bilər. Orada Mehdi gəldiyini
necə qanlar axıdacağı, sünniləri necə qətl edəcəyi
haqda ayrıntılı fantastik bilgi verilmişdir. Şah İsmayıl böylə əfsanələri
bolca eşitmişdir." Bu ifadə onu göstərir ki, Gəncalp
Şah İsmayılın "Biharül-ənvardan" ilham aldığını sanır və onun
Məclisidən 1 əsr əvvəl
yaşamasını doğurdan da bilmir.)
4. "30 milyon Azərbaycan türkünü fars
şövinizminə təslim etmək" iftirası. Açığı
deyim ki, Azərbaycan dilini İranda yeqanə rəsmi
dil kimi tanıtdıran və qeyri-türk millətindən olanlara
silah gəzdirməyi gadağan edən bir insanın (yəni
Şah İsmayılın) "fars şovinizmində" ittiham olunması mənim
üçün çox gözlənilməz oldu. Dil və silahı qoyaq bir
qırağa, Səfəvi dövləti şahlıq, müasir İran
İslam Cümhuriyyəti isə əsasları Həzrəti
İmam Xomeyni (r.ə)-in "Höküməti-İslami"
kitabında təşəkkül tapmış vilayəti-fəqih
sistemilə idarə olunur. Nəzərə
alsaq ki, vilayəti-fəqih və şahlıq sistemləri
bir-birinə zidd və düşmənçilik bəsləyən
quruluşlardır, asanlıqla başa düşə bilərik ki, İranın indiki
höküməti heç də səfəvilərdən mənşə
almır. Və İran azərilərinin bugünkü müşküllərində səfəviləri
ittiham etmək çox gülünc və yersizdir.
Ümümiyyətlə Gəncalpın
bütün "fərqli baxışı" ondan ibarətdir ki, Şah İsmayıl əslində Azərbaycan
vətənpərvəri yox, fars irqçisi idi. Bunu isbat etmək
üçün müəllif hətta bütün tarixi faktlara müxalif gedərək, Səfəvi
dövlətinin rəsmi dilinin Azərbaycan dilinin yox,
fars dilinin olduğunu iddia edir. Özdə heç bir sübut gətirmədən!
Bunun əksini isbatlayan dəlillər isə
saysız-hesabsızdır: sarayda, orduda, ədəbiyyatda və hətta
diplomatik yazışmada Azərbaycan dilindən istifadə
olunurdu, sarayın ədəbi divanı Azərbaycan dilində fəaliyyət
göstərirdi, farsca yazılmış tarixi və dini
kitablar Azərbaycan dilinə tərcümə olunurdu (məsəl
üçün "Şühədanamə", "Səfvətüs-səfa",
"Kəvamilüt-təbir") və s. Hətta Gəncalpın
kumiri Sultan Səlim (l.ə) Şah İsmayıla farsca məktub
yazdığı halda, Şah ona azərbaycanca cavab vermişdir! Gəncalp
isə bütün bunları görməməzliyə
vurur!
Kitabı diqqətlə vərəqləsək, əsl irqçinin
Şah İsmayılın yox, elə Gəncalpın özünün olduğunu görərik.
154-cü səhifədə o belə yazır: "Təbərrayan
təbərləri (baltaları) ilə Təbriz əhalisini
fars mollası Şəmsəddinin buyuruqları üzərinə
öldürürdülər." Fikir verin, bu cümlədə nə qədər kin
və nifrət var! Əslində Gəncalp bu kitabda nifrət
yağdırmaq fikrində olduğunu heç gizlətmir də.
19-cu səhifədə oxuyuruq: "Bu kitab Səfəviyətə
qarşı bir etiraz manifestidir." Yəni Gəncalp bir növ işarə edir
ki, "Məndən obyektivlik gözləməyin
ha, içimdə nə qədər nifrət var hamısını bura
tökdürəcəm!" Və tökdürdü də.
Kitabda milli nifrətin təbliğiylə yanaşı, həm də dini
və məzhəbi nifrət təbliğ
olunur. 173-cü səhifədə Gəncalp yazır: "Səfəvilərdən bizə
miras qalan sürülər şəklində camilərdə
toplaşıb mələşərək "Allah Yəzidə və onun
dədə-babasına lənət eyləsin!"
söyləmək olmuşdur." Bu da riyakarlığın son həddi:
dini tolerantlıqdan ağız dolusu şüvənlik edən birisi 130 milyon şiə müsəlmanın
müqəddəs saydığı əzadarlıq mərasimlərinə
"mələşmə" deyərək,
onların dini hisslərini şərəfsizcəsinə təhqir
edir! Bu iyrənc cümlə ilə əslində
kimin irqçi və şovinist olduğu hamı üçün məlum olur...
5. "Şah İsmayıl əslində şair
olmayıb" iftirası. Gəlin bu gülünc böhtanı Gəncalpın
öz dilindən eşidək: "İsmayılın tanrılığını təbliğ
etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini
daha da coşdurmaq üçün adına şeir yazmış ola bilərlər.
Çünkü bu şeirlər ideoloji xarakterlidir. Ömrü savaşlarda keçən Şah
İsmayılın, özəlliklə iqtidara gəldiyi ilk illərdə bu qədər
şeir yaza biləcəyi mümkün deyildir." Əvvəlcə bir ehtimal kimi irəli
sürülən iddianı Gəncalp daha sonra gerçək bir
fakt kimi sırayır: "336 Anadolu Xətailəri bölümündə 219
heca, 23 qəzəl olmaq üzərə 242
şeir yer almaqdadır." Əvvəlcə onu
deyim ki, Gəncalp heç şeirlərin sayını belə
düzgün göstərə bilmir. Bütün təzkirələrdə Xətainin
400 qəzəl, 100 qəsidə, 4
beytin və bir poemanın müəllifi olduğu göstərilir.
Sonra isə Gəncalp bu şeirlərin müəllifliyin
Şah İsmayıla yox, hansısa naməlum Anadolu ozanlarına məxsus
olduğunu iddia edir. Hərçənd Şah İsmayılın şeirlərində elə məqamlar
var ki, onu hər yoldan keçən yazmaz, onu yazan gərək hərtərəfli
savada malik olsun. Məsəl üçün "Bahariyyə"
şeirində bəzi incə nüanslar var ki, müəllifin
biologiya elmində dərin biliklərə
malik olmasını göstərir. Məgər hansısa kənd ozanı bu biliklərə
malik ola bilərdi? Unutmayaq ki, o vaxt fəqət
varlı təbəqənin nümayəndələri təhsil
alırdılar. Fəqirlər isə daha çox savadsız və əksəriyyəti
yazıb-poza bilməyən qalırdılar. Bu da haqqında danışdığımız
şeirlərin hansısa naməlum ozanlara yox, məhz
Şah İsmayıla məxsus olduğunun daha bir sübutudur. Həmçinin
Gəncalpın "Ta kəlamullahi-natiq höccəti-tənzildir"
misrası ilə başlanan gətirdiyi şeir də, onun leyhinə yox əleyhinədir.
Çünki 90%-ni ərəb-fars sözləri təşkil
edən bu şeir məhz sarayın təntənəli
dilində yazılıb, xalq ozanlarının dilində yox.
Gəncalp kitabın 61-ci səhifəsində özü
deyir ki, "O vaxt yoxsulların adları ümümən türkçə
adlar olmuşdur." Bəs niyə hətta
adları belə "təmiz türkçə" olan bu insanlar
birdən-birə başlayırlar ərəb-fars
sözləriylə şeir qoşmağa?
Görəsən Gəncalpı bu qədər
tarixi həqiqətləri təhrif etməyə
vadar edən nə idi? Cavab çox sadədir: Şah İsmayıl öz
şeirlərində insana yüksək dəyər
verdiyindən və humanizmi təbliğ etdiyindən, bu
Gəncalpın onun haqqında yaratdığı "Vəhşi,
başkəsən və adamyeyən"
sürətilə tamamilə ziddir. Və Gəncalp
öz batil nəzəriyyəni əsaslandırmaq
üçün bu şeirləri başqa insanlara nisbət etməkdən
daha yaxşı heç nə fikirləşə bilmədi. Amma bunu da çox
savadsız tərzdə etdiyindən, onun yalanını ifşa
etmək elə də çətin olmadı. Necə deyərlər:
"Yalan ayaq tutar, ancaq yeriməz."
6. Və nəhayət sonuncu iftira: Gəncalp
Şah İsmayılın Kərbəla şəhidi Hürrün qəbrini
açmasına şübhə edərək yazır: "Gəlin bu məsələyə
ağlın mühakiməsi ilə baxaq. Niyə İsmayıl Hürrün qəbrini
açır? Bu səlahiyyəti ona kim vermiş? İsmayıldan 900 il öncə
ölmüş bir adamın qanı hələ də axa bilər?" Baxaq
deyirsiz, baxaq! :) Əlbəttə mən
Xudavəndi təbarək və təalanın
Qurani-Kərimdə şəhidlərin ölməzliyini
bəyan etməsini yaza bilərdim. Amma materialist
düşüncəli bir adam üçün bu kifayət etməz.
Ona görə görə tarixdə mövcud olan konkret
nümünələrnən yazacam. Görkəmli İran alimi Əliəkbər Mehdipur "Əcsadi-cavidan" ("Diri meyitlər") adlı kitabda
tarix boyu cəsədlərinin çürümədən
salamat qalması məlum olan 136 nəfər
haqqında ətraflı söhbət açmışdır. Bu 136 nəfərin cəsədi dəfn
edildikdən uzun müddət sonra müxtəlif səbəblər
üzündən (cəsədin başqa yerə köçürülməsi, qəbrin
uçulub dağıdılması, qəbristanlığı sel aparması, bəzi
suallara cavab tapmaq üçün qəsdnən qəbrin
açılması və s...) qəbirdən çıxarılmış və
onlarda qətiyyən çürümə əlamətləri
müşahidə olunmamışdır. Həmin "diri meyitlərin"
siyahısında Abdullah ibn Əbdul
Müttəlib (VI əsr), Şeyx Kuleyni, Şeyx Səduq
(hər ikisi X əsr), Şəhid Burğani, Ayətullah
Fazil Lənkərani (hər iksi XIX əsr) və
başqa tanınmış şəxsiyyətlər var. Çürüməyən cəsədlər təkçə müsəlmanlarda
yox, başqa dinlərin nümayəndələrində də var.
Onların arasında xristian rahibəsi Bernadet Subiruyanı və
buddist laması Xambo İtiqelovu qeyd etmək olar. Belədə
aydın olur ki, 828 ildən sonra Hürrün başından hələ də
qanın axması heç də təəccüblü və qeyri-real görünmür,
çünki tarixdə belə nümunələr
kifayət qədər var.
Başqa yerdə Gəncalp
yazır ki, "Bu hadisə səfəvilərin oyunbazlığıdır,
çünki heç bir tarixi qaynaq onu yazmır." Möhtərəm
oxucuları yormamaq üçün bu "mövcud olmayan" qaynaqlardan fəqət
birini - Şeyx Abbas Quminin, "Nəfsu'l-məhmum" kitabını
qeyd edirəm. Həmin kitabda yazılıb: "Kərbəla
faciəsindən 850 il sonra, hicri 914-cü (miladi 1508)
ildə Şah İsmayıl Xətai İraqı fəth
etdi. Onun əmri ilə İraqdakı müqəddəs
ziyarətgahları təmir edib, üzərində
yaraşıqlı məscidlər tikməyə
başladılar (Hərçənd Gəncalp əksinə
onların dağıdılmasını iddia edir - A.M). Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini inkar
edib, guya onun tövbəsinin qəbul olmadığını bildirdilər.
Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini
açmağı əmr etdi. Bu zaman cəngavər
Hürrün cəsədi başdan ayağa kimi təzə,
bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Cənazənin
başında İmam Hüseynin (ə) öz əli ilə
bağladığı dəsmal da qalmışdı. Şah İsmayıl həmin dəsmalı
təbərrük kimi saxlamaq niyyətilə cəsədin
başından açmağa göstəriş verdi. Amma dəsmal açılan kimi
yaradan al qan axmağa başladı. Cənazənin başını başqa dəsmalla
bağlamaq istəsələr də, qan kəsilmədi.
Axırda məcbur olub, həmin dəsmalı yenə öz
yerinə bağladılar və qan kəsildi. Şah İsmayıl bu
hadisədən sonra Hürrün qəbri üzərində də
böyük məscidin tikilməsi üçün göstəriş verdi."
Həmçinin Gəncalp belə bir
sualı da ortaya qoyur: "Hürr sanki sadəcə
kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hüseyin dəsmalını qoymuş. O
savaşda insanları parəm-parça doğradılar. Hüseynin başını kəsdilər.
Hürrü doğram-doğram doğradılar. Ayrıca, İsmayıl nədən
Hürrün qəbrini açmalı idi?" Gəncalp Məhəmməd
Füzulini sevdiyini iddia etsə də, onun yaradıcılığı ilə çox
gümanki doğru-dürüst tanış deyil. Çünki əks halda dahi şairin
Hürrün şəhadətini "Hədiqətüs-süəda"
kitabının 280-ci səhifəsində necə anladmasını bilərdi. Füzuli yazır:
"Ləşkər hər canibdən
qüluvv qılub, ol namuradı ortaya alub, nagah Qisvar bin Kinanə bir
zəxmi-mühlik urub, Hürr dəxi ana bir zəxm
urub, ikisi dəxi mərkəbdən cüda olub, Hürr nə'rə urdu
ki, "Yəbnə Rəsulallah, ədrikni!" Həzrəti-İmam
biixtiyar meydana girüb, Hürrü ol zalimlər arasından alub ləşkərinə
yetürdi və mərkəbindən enüb, başını dizi üzərinə
alub, astini-mübarəkiylə rüxsarından xakü xun pak edüb dua qılarkən,
Hürr anun rayiheyi-canbəxşindən həyat
istiarə qılub, rüxsari-mübarəkinə
dideyi-iştiyaq açub, təbəssüm qılub ayıtdı: "Ya İmam, bəndən
razı oldunmu?" İmam ayıtdı: "Səndən
razı oldum, Allah səndən razı olsun." Gördüyünüz kimi Füzuli
də "Başını dizi üzərinə
alub" cümləsilə dəsmal məsələsini
qismən təsdiq edir. Hürrün doğram-doğram edilməməsini
yox, məhz kiçik yara ilə şəhid
edilməsini isə şair İmam Hüseyn (ə)-ın onun imdadına
vaxtında çatması ilə izah edir.
Qəbrin açılmasının səbəblərinə gəlincə, bu
işdə Şah İsmayıl iki məqsəd
güdürdü: 1-si Hürrün fəzilətini inkar edən bəzi
insanlara, onun cəsədinin çürüməməsini
göstərməklə həqiqətən şəhid
olduğunu sübut etmək. 2-si də şəhidlərin ölməz
olduğunu gələcək nəsillərə
çatdırmaq. Və nəzərə alsaq ki, İran-İraq müharibəsində
iranlılar bu əhvalatdan ilham alaraq dəstə-dəstə şəhadətə
gedirdilər, Şahın bu addımı öz bəhrəsini
verdi. Amma təssüfki Gəncalp kimi məktəbi-şəhadətdən
uzaq olan adam bunu anlamaz. Atalar yaxşı deyib: "Eşşək nə
bilir zəfəran nədir." Sonda məqaləmi
Şah İsmayıl babamızın Gəncalp kimi insanlara xitab olunmuş gözəl
şeiriylə bitirmək istəyirəm:
Gər mana nifrin edər düşmən, mən andan
qəm yemən
Kim, münafiqdən gələn
qarğış dua nisbətlüdür.
Abi-çeşmimdən xəyalın
hər zaman əksilməsün
Kim, anın əksi gözümdə
tutiya nisbətlüdür.
Eşq ilən laf etmə, ey
miskin Xətai, əbsəm əl
Kim, bu
mənzildə səlatinlər gəda nisbətlüdür.
Asim Məmmədov, şair və publisist.
Asim Məmmədov, şair və publisist.
Комментариев нет:
Отправить комментарий