90-ci illərdə Az Tv-ni mütəmadi izləyən insanlar yəgin ki, mərhum Əbülfəz Elçibəyin Dağlıq-Qarabağ müharibəsinin qızğın çağında canlı yayımda etdiyi bəyanatı xatırlayarlar: "Əgər mən bilsəm ki, Qarabağ İranın köməyilə azad olunub, mən ÖZ ƏLLƏRİMLƏ bu torpaqları ermənilərə verəcəm!" Bu çıxışdan məlum olur ki, o vaxtkı hökümət üçün ermənilərin zərbəsi, İranın köməyindən daha şirin idi. Belə olan halda nəinki İranı sevən, heç sadəcə bu ölkəni söymək istəməyən insanlara "Molla rejiminin casusu" damğasının yapışdırılması heç də təccüblü deyil. Baxmayaraq ki, Elçibəy çoxdan ölüb və milliyyətçilər hakimiyyətdən gediblər, onları əvəz etmiş Əliyevlər İran məsələsində fərqli mövqe göstərməyiblər. Hərçənd ilk vaxtlarda, xüsusən də mərhum Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olanda, İrana qarşı olduqca yaxşı münasibət bəslənilirdi. 95-ci ildən başlayaraq isə, Avropaya integrassiya siyasi xətti start götürüb və İran bu xəttin həyata keçirilməsində potensial maneə olduğundan, hökümət tərəfindən ideoloji düşmən elan edildi...
Bu siyasətin ilk qurbanı isə təbii ki yerli dindarlar oldu. Azərbaycanlı dindarlarda İrana qarşı rəğbətin olmadığını iddia etmək qeyri-səmimilik olardı. Lakin ortada bir xırda nüans var: bu rəğbət siyasi yox, mənəvi xarakter daşıyır. Məgər biz deyə bilərik ki, Çe Qevaraya pərəstişkarlıq edən azərbaycanlı sosialistlər (solçular) Kubanın və Fidel Kastronun (!) casuslarıdır? Ya da Bakıda Mustafa Kəmal üçün anım mərasimlərini təşkil edən bozqurdlar Türkiyənin agentləridir? Yox! Çünki bunların hamısı MƏNƏVİ bağlılıqdır. Azərbaycanlı dindarların İranа rəğbəti də bu cür xarakter daşıyır. Bu rəğbətin bir neçə səbəbi var: 1. İran dünyada yeganə ölkədir ki, şiə məzhəbini rəsmi dövlət statusuna qaldırıb. 2. Şiə dünyasının əksər mərcəyi-təqlidləri (Xameneyi, Qülpəyqani, Şirazi, Xorasani və s.) İranda yaşayırlar. 3 Şiələrin dini müqəddəslərinin - İmam Rza (ə)-ın və Xanım Məsumə (r.ə)-nın pak ziyarətgahları İranda yerləşirlər. Bu qısa siyahıdan aydın olur ki, bizim dindarların İrana rəğbəti məhz dini səbəblərə əsaslanır və burda hansısa "siyasi ajanslıqdan" danışmaq yersizdir. Belədə hökümətin və pantürkçülərin dindarları "Fars mollaların casusu" çıxartmaq cəhdləri gülüncdən başqa heç bir reaksiya doğura bilməz.
Son günlər Eurovision və iflasa uğramış gey-parada görə Azərbaycan-İran münasibətləri yenidən gərginləşib. Təbrizdə 100 minə yaxın insan küçəyə çıxaraq "İlham sənə ar olsun!" şüarını səsləndirdilər, buna cavab olaraq isə, Bakıdakı İran səfirliyi önündə Xameneyinin və Əhmədi Nejadın şəkilləri yandırılıb. Nəticədə isə Azərbaycan höküməti bu hadisələrlə heç bir əlaqəsi olmayan 10-a yaxın yerli dindarı həbs edib. Məntiqi sual yaranır: aya Təbriz əhalisinin anti-Əliyev aksiyasını bu 10 bakılı dindar təşkil etmişdir? Və aya bu aksiyaya səbəb olmuş həmcinsbazların paradını keçirtmək sevdasına dindarlar düşmüşdür? Yəgin ki, hökümətimizin məntiqinə görə bu belədir...
Sonda əziz oxucuların diqqətini tazə dəbə düşmüş bir tendensiyaya cəlb etmək istəyirəm: son bir neçə həftə İranla yanaşı iqtidarın gözündə daha bir ideoloji düşmən peyda olub - bu Almaniyadır! Bütün may ayı ərzində telekanalizasiyalarımız yorulmadan Almaniyaya qarşı əks-təbliğat aparırlar. Səbəb isə bundadır ki, "Hitlerin vətəni ölkəmizin analoqu olmayan inkişafını gözə götürmək istəmir və bizdə güya ki, insan haqqlarının pozulmasını iddia edir." Bu isə o deməkdir ki, Azərbaycanda "Almaniyanın dəyirmanına su tökən Vətən xainləri" təzliklə həbs oluna bilərlər. Ölkəmizdə Almaniyaya mənəvi rəğbət bəsləyən insanları tapmaq elə də asan iş olmasa da, mən əminəm ki, hökümətimiz bunu bacarar! Məsəl üçün alman dili müəllimlərini tutmaq olar. Ona görə bu təbəqədən olan insanlara üzümü tutub demək istəyirəm ki, "Əziz müəllimlər, ciblərinizi narkotikdən və silahdan qoruyun!"
Asim Məmmədov
Комментариев нет:
Отправить комментарий