среда, 24 апреля 2013 г.

İmam Əli ibn Musaya “Riza” ləqəbinin verilmə səbəbi


Rey şəhərində yaşayan müəllif Əbu Cəfər Mühəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qummi (Allah ona itaət üçün kömək etsin və onu sevib razı qaldığı şeyləri etməyə müvəffəq etsin) deyir:

1 - Əhməd ibn Məhəmməd ibn Əbu Nəsir Bəzəntidən belə dediyi nəql olunmuşdur: İmam Cavada ərz etdim: “Sizin müxaliflərinizdən bəziləri Məmunun atanızı öz vəliəhdi olaraq bəyənib seçdiyi üçün ona Riza adını verdiyini güman edirlər.” İmam Cavad buyurdu: “And olsun Allaha ki, bu doğru deyil, yalan danışırlar. Ona Riza adını Allah Təbarək və Təala verdi. Çünki o göylərdə Allah üçün, yer üzündə Peyğəmbər və ondan sonrakı imamlar üçün razı olduğu biri idi.” Bəzənti deyir ki, “Bəs məgər digər babaların Allah, Peyğəmbər (s) və imamların (ə) razı olduqları kəslər deyildirlər?” ərz etdiyimdə buyurdu ki, “Əlbəttə.” Mən də dedim: “Yaxşı bəs niyə onların içində yalnız atanız Riza adlandırıldı?” Buyurdu: “Çünki dostları və tərəfdarları ondan razı olduqları kimi, düşmənləri və müxalifləri də ondan razı idilər. Bu vəziyyət babalarımdan heç biri üçün sabit olmamışdır. Bu səbəbdən onların arasında yalnız atama "Riza" adı verildi.”

2 - Süleyman ibn Həfs əl-Mərvəzidən rəvayət olunmuşdur ki, İmam Kazım (ə) oğlu Əliyə “Riza” deyərdi. Məsələn: "Oğlum Rizanı çağırın...", "Oğlum Rizaya dedim...", "Oğlum Riza mənə dedi ki..." şəklində buyurardı. İmam Rizaya müraciət ediləndə isə "Ey Əbül Həsən" deyə xitab edərdilər.

Mənbə: Şeyx Səduq “Uyuni-əxbari-Riza”, 1-ci cild, 1-ci fəsil. 

Комментариев нет:

Отправить комментарий