четверг, 14 февраля 2013 г.

Müşriklərin “Valentin günü”nə yox deyək!


            “Sevgililər günü” kimi təqdim edilən “Müqəddəs Valentin günü” bugün ölkəmizdə az qala rəsmi səviyyədə qeyd olunur. Allahın sonuncu rəsulu Mühəmmədin (s) və onun Əhli-beytinin (ə) təlimlərindən uzaq düşmüş avam kütlənin bu “bayram”ı qeyd etməsi hələ başadüşüləndir. Lakin “Valentin günü”nün dövlət telekanallarından təbliğ olunması, onun saf və təmiz bir sevgi bayramı kimi qələmə verilməsi cəmiyyətin əxlaqını qəsdlə aradan aparmaq planından başqa bir şey ola bilməz. Çünki bu sözdə “bayram”ın tarixini araşdırsaq, onun mahiyyətinin nə qədər çirkin və iyrənc olduğunu görərik.
            Əvvəla onu qeyd etmək lazımdır ki, bəzilərin xristianlıqdan gəldiyini düşünən Valentin gününün əslində bu səmavi dinlə heç bir əlaqəsi yoxdur. 14 fevral hələ interamnlı keşiş Valentindən öncə Roma müşriklərində bayram kimi qeyd olunurdu. Bu onunla bağlı idi ki, 14 fevral şirk əhlində “qadınlıq və evlilik ilahəsi” Junoyanın doğum günü sayılırdı. Allah-Təala Qurani-Kərimdə Junoya kimi “ilahələr” haqqında İbrahim peyğəmbərin (ə) dilindən belə buyurur: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin camaatını açıq-aydın azğınlıq içində görürəm.“ Sual yaranır: eramızdan əvvəl yaşamış Roma müşriklərinin bütpərəst ayini niyə islami Azərbaycanda bayram kimi qeyd olunmalıdır? Məgər biz də onlar kimi açıq-aydın azğınlıq içindəyik, məgər biz də özümüzü əbədi cəhənnəm oduna qərg etmək istəyirik?! Axı Rəsulallah (s) buyurur: “Kim bir qövmə özünü bənzətsə  elə onlardan olar!”
            Ən acınacaqlısı isə budur ki, ümməti-Mühəmmədin öz sevgililər günü ola-ola, biz müşriklərin bayramından yapışırıq. Zilhiccə ayının 1-i İmam Əli (ə) və Xanım Fatiməyi-Zəhra (s.ə) arasında bağlanılmış izdivac günü - əsl sevgililər bayramı budur! İstər müqəddəs Valentinin adına yazılan əfsanə, istərsə də hansısa başqa bir sevgi əhvalatı göylərdə 40 min mələyin şahidliyi ilə bağlanılmış izdivacdan daha pak və təmiz ola bilməz. Məhz buna görə Azərbaycanda sevgililər günü kimi bu tarixin qeyd edilməsi daha məsləhətə uyğundur. Cəmiyyətimizin dinə inanmayan hissəsi isə 30 iyunu sevgililər günü kimi keçirdə bilər. Bu tarix 20 yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevanın izdivacı baş tutmuşdu. 30 iyun təbii ki, fəzilət baxımından  1 zilhiccə ilə müqayisəyə gəlməsə də, gənclərdə milli-mənəvi dəyərlərə marağın oyatması cəhətindən onun təqvimə salınması müsbət nəticələr verə bilər. Hər halda bu müşriklərin bayramının qeyd edilməsindən qat-qat faydalı olar.
            Sonda diqqətinizə indicə oxuduğum bir xəbəri çatdırmaq istəyirəm. Məşhur cənubi afrikalı əlil idmançı, paralimpiya oyunlarının mükafatçısı Oskar Pistorius “Müqəddəs Valentin günü”ndə öz həyat yoldaşını səhvən güllələyib. İş ondadır ki, sevimli ərinə bayram gününə sürpriz etmək istəyən qadın evə oğru kimi pəncərədən daxil olub. Oskar isə onu əsl oğru hesab edərək, atəş açıb və başından yaralayıb. Qadının həyatını xilas etmək mümkün olmayıb. İdmançı şok içində olsa da, sonrakı peşmançılıq necə deyərlər fayda verməz. Şit bayramda şit zarafat insan həyatının itkisi və bütöv bir ailənin faciəsi ilə nəticələnib. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki kitab əhli ola-ola, bütpərəstlərin bayramını qeyd edənin sonu elə bu cür olar. Müsəlman üçün isə onu keçirtmək daha da böyük günahdır. Ona görə ki, bizə siratül-müstəqim yolu olan İslamda yaşamaq neməti əta olunub. İslamı buraxıb, yalançı bütlərə tapınanlara və üstəlik də onların “doğum” günlərini bayram edənlərin halına vay olsun!

Asim Məmmədov, 14.02.2013

вторник, 12 февраля 2013 г.

Bir polisin manifesti


            Sadə amerikalı polisin əhvalatı bu ölkədə hökm sürən sosial ədalətsizliyi bütün çılpaqlıqla ifşa etdi.

            Son günlər ABŞ-da bu ölkənin vətəndaşların adətən döyüş filmlərindən izləməyə öyrəşdikləri hadisələr cərəyan edir. Özündə eyni zamanda Terminatoru, Rembonu və Supermeni təcəssüm edən Kristofer Dorner adlı keçmiş polis əməkdaşı bütöv bir ştatın hüquq-mühafizə orqanlarına partizan müharibəsi elan edərək, öz keçmiş həmkarlarını bir-bir qətl etməyə başlayıb. O artıq bir polisi öldürüb, daha ikisini isə yaralayıb. O həmçinin polisin qızını və onun sevgilisini də öldürüb.
            Bu cür zorakılığa haqq qazandırmaq fikrindən uzağam. Lakin Kristoferin özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ-da hansı ədalətsizlik və zülmlərlə qarşılaşdığına nəzər salsaq, onun bu cür radikal addıma sövq etmiş motivləri az da olsa başa düşə bilərik.
            Balaca Kris həyatının elə ilk illərindən Amerikanın sərt reallığı ilə qarşılaşmalı oldu. Belə ki, qaradərili olduğuna görə amerikalı zənci üçün ən ağır söyüş sayılan “nigger” adı ilə məktəb uşaqları tərəfindən aşağılanırdı. Lakin Dorner heç vaxt irqçi söyüşləri cavabsız qoymazdı və məhz buna görə tez-tez davalara düşürdü. Onun həyatının əsas prinsipi elə o vaxtdan formalaşıb: heç vaxt ədalətsizliyi cavabsız qoyma!
            Məktəbi bitirdikdən sonra, Kristofer ABŞ-ın Hərbi Dəniz Qüvvələrində xidmət etməyə başlayır. Orada özünü əla əsgər kimi tanıtdırandan sonra, ehtiyata çıxır və polis idarəsinə işləməyə gedir. Gənc qanun keşikçisi inanırdı: bu vəzifədə onun üçün ədalətsizliklə mübarizə aparmaq daha asan olacaq.
            Lakin Amerika polis sistemində hökm sürən irqçilik, səbəbsiz zorakılıq, rüşvətxorluq və dedovşina Dorneri hüquq-mühafizə orqanları haqqında fikirini 180 dərəcə dəyişməyə məcbur edir. O qanunu ayaq altına salan həmkarlarına donoslar yazmağa başlayır. Bu da əlbəttə ki, rəhbərliyin xoşuna gəlmir və onu bir idarədən digər idarəyə köçürürlər. Ruhi xəstə oğlanı vəhşicəsinə döymüş polis əməkdaşına qarşı şikayət qaldırdıqdan sonra isə, Dorneri ümumiyyətlə polisdən qovurlar.
            Kristofer uzun müddət müxtəlif instansiyaların qapılarını döyərək ədalətə nail olmaq istəyirdi. Axırda isə başa düşdü: özü eyni simada prokuror, hakim və cəllad olmaqdan başqa çarə yoxdur. O Loc-Anceles polis idarəsinə 14 səhifəli bir manifest göndərərək, onlara partizan müharibəsini elan etdiyini bəyan etdi.
            Manifestin boş hədə olmadığı elə ilk günlərdən aydın oldu. İrveyn (Kaliforniya ştatı) şəhərinin baş işverəni sayılan idarə rəisi və onun qızının öldürülməsi Dornerin zarafat etmədiyini göstərib. Daha sonra isə polis ovu iki hüquq-mühafizə orqanları əməkdaşının yaralanması ilə davam etdi.
            Əslində müharibə yoluna qədəm qoyan keçmiş polis mübarizəsinin məğlubiyyətə düçar olduğunu dərk edir. O öz manifestində buna işarə edərək yazır: “Bilirsiniz niyə Amerika əsgərləri İraq və Əfqanıstan yaraqlılarına qalib gələ bilmirlər? Çünki onlar ölümdən qorxmurlar. Mən də elənçiyəm. İtirəsi bir şey qalmayıb. Onsuzda polis idarəsi əlimdən hər şeyi alıb.”
            Amerika ictimayyətinin Dornerin addımlarına reaksiyası da maraqlı oldu. Onu dəstəkləmək üçün sosial şəbəkələrdə açılan səhifələrin sayı yağışdan sonra göbələklər kimi artır. Lakin Kristoferin dəstəkçiləri heç də virtual aləmlə kifayətlənmək fikirində deyillər: ona Loc-Ancelesdə yaşayan çoxsaylı anarxistlərin, solçuların və islamçıların da qoşulacağı gözlənilir. Təşviş içində olan Loc-Anceles polisi bunun qarşısını almaq üçün şəhər sakinlərinə hədə-qorxu dolu bir bəyanatla müraciət edib. Dornerə dəstək verənlərə qarşı ən sərt addımların atılacağına söz verilib. Lakin farslar demişkən: “Çi fayda?” Üsyankar polisin tərəfdarları artmağa davam edirlər. Ən nikbin ekspertlər isə əmindirlər: “Kristofer Dornerin hərəkatı Amerika inqilabının başlanğıcı olacaq!” Çünki Kristoferin başladığı partizan müharibəsi yalnız ilk baxışdan şəxsi zəmində qisasdır, əslində isə illərdir hökm sürməkdə olan ədalətsiz və irqçi quruluşa qarşı cəsarətli bir manifestdir!

Asim Məmmədov, Islamazeri.az