четверг, 14 февраля 2013 г.

Müşriklərin “Valentin günü”nə yox deyək!


            “Sevgililər günü” kimi təqdim edilən “Müqəddəs Valentin günü” bugün ölkəmizdə az qala rəsmi səviyyədə qeyd olunur. Allahın sonuncu rəsulu Mühəmmədin (s) və onun Əhli-beytinin (ə) təlimlərindən uzaq düşmüş avam kütlənin bu “bayram”ı qeyd etməsi hələ başadüşüləndir. Lakin “Valentin günü”nün dövlət telekanallarından təbliğ olunması, onun saf və təmiz bir sevgi bayramı kimi qələmə verilməsi cəmiyyətin əxlaqını qəsdlə aradan aparmaq planından başqa bir şey ola bilməz. Çünki bu sözdə “bayram”ın tarixini araşdırsaq, onun mahiyyətinin nə qədər çirkin və iyrənc olduğunu görərik.
            Əvvəla onu qeyd etmək lazımdır ki, bəzilərin xristianlıqdan gəldiyini düşünən Valentin gününün əslində bu səmavi dinlə heç bir əlaqəsi yoxdur. 14 fevral hələ interamnlı keşiş Valentindən öncə Roma müşriklərində bayram kimi qeyd olunurdu. Bu onunla bağlı idi ki, 14 fevral şirk əhlində “qadınlıq və evlilik ilahəsi” Junoyanın doğum günü sayılırdı. Allah-Təala Qurani-Kərimdə Junoya kimi “ilahələr” haqqında İbrahim peyğəmbərin (ə) dilindən belə buyurur: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin camaatını açıq-aydın azğınlıq içində görürəm.“ Sual yaranır: eramızdan əvvəl yaşamış Roma müşriklərinin bütpərəst ayini niyə islami Azərbaycanda bayram kimi qeyd olunmalıdır? Məgər biz də onlar kimi açıq-aydın azğınlıq içindəyik, məgər biz də özümüzü əbədi cəhənnəm oduna qərg etmək istəyirik?! Axı Rəsulallah (s) buyurur: “Kim bir qövmə özünü bənzətsə  elə onlardan olar!”
            Ən acınacaqlısı isə budur ki, ümməti-Mühəmmədin öz sevgililər günü ola-ola, biz müşriklərin bayramından yapışırıq. Zilhiccə ayının 1-i İmam Əli (ə) və Xanım Fatiməyi-Zəhra (s.ə) arasında bağlanılmış izdivac günü - əsl sevgililər bayramı budur! İstər müqəddəs Valentinin adına yazılan əfsanə, istərsə də hansısa başqa bir sevgi əhvalatı göylərdə 40 min mələyin şahidliyi ilə bağlanılmış izdivacdan daha pak və təmiz ola bilməz. Məhz buna görə Azərbaycanda sevgililər günü kimi bu tarixin qeyd edilməsi daha məsləhətə uyğundur. Cəmiyyətimizin dinə inanmayan hissəsi isə 30 iyunu sevgililər günü kimi keçirdə bilər. Bu tarix 20 yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevanın izdivacı baş tutmuşdu. 30 iyun təbii ki, fəzilət baxımından  1 zilhiccə ilə müqayisəyə gəlməsə də, gənclərdə milli-mənəvi dəyərlərə marağın oyatması cəhətindən onun təqvimə salınması müsbət nəticələr verə bilər. Hər halda bu müşriklərin bayramının qeyd edilməsindən qat-qat faydalı olar.
            Sonda diqqətinizə indicə oxuduğum bir xəbəri çatdırmaq istəyirəm. Məşhur cənubi afrikalı əlil idmançı, paralimpiya oyunlarının mükafatçısı Oskar Pistorius “Müqəddəs Valentin günü”ndə öz həyat yoldaşını səhvən güllələyib. İş ondadır ki, sevimli ərinə bayram gününə sürpriz etmək istəyən qadın evə oğru kimi pəncərədən daxil olub. Oskar isə onu əsl oğru hesab edərək, atəş açıb və başından yaralayıb. Qadının həyatını xilas etmək mümkün olmayıb. İdmançı şok içində olsa da, sonrakı peşmançılıq necə deyərlər fayda verməz. Şit bayramda şit zarafat insan həyatının itkisi və bütöv bir ailənin faciəsi ilə nəticələnib. Əslində burada təəccüblü bir şey yoxdur. Çünki kitab əhli ola-ola, bütpərəstlərin bayramını qeyd edənin sonu elə bu cür olar. Müsəlman üçün isə onu keçirtmək daha da böyük günahdır. Ona görə ki, bizə siratül-müstəqim yolu olan İslamda yaşamaq neməti əta olunub. İslamı buraxıb, yalançı bütlərə tapınanlara və üstəlik də onların “doğum” günlərini bayram edənlərin halına vay olsun!

Asim Məmmədov, 14.02.2013

Комментариев нет:

Отправить комментарий