четверг, 13 июня 2013 г.

Donuz ətinə qurban verilmiş dünyəvilik

Dünən hökumət yönümlü ATV kanalının xəbərlər buraxılşında yayımlanmış bir süjet olduqca diqqətimi cəlb etdi. Orada son zamanlar iqtidarın bir nömrəli ideoloji düşməninə çevrilmiş Milli Şuranın sədri Rüstəm İbrahimbəyov haqqında danışılırdı. Onun cəmi bir dəfə donuz ətini yeməsini etiraf etməsi ATV-nin qəzəb vulkanının püskürməsi ilə nəticələndi. Şimali Koreya təbliğat maşınının ən böyük nümayəndələrinin həsədinə səbəb ola biləcək süjetdə Rüstəm bəyin donuz ətindən istifadə etməsi şiddətlə qınanıldı, “hakimiyyətə iddialı bir müsəlman” üçün bunun yolverilməzliyi vurğulandı. ATV-nin ilahiyyatçı müsahibi də bu əməlin “müsəlman olaraq Qurana etiqad edən bir şəxs” üçün böyük günah olduğunu söylədi.
2003-cü ildən bəri iqtidardan şüvənliyin müxtəlif növlərini görmüşük. Vətənşüvənliyi, bayraqşüvənliyi, dövlətçilikşüvənliyi, hətta keçən ildəki may hadisələrini yada salsaq gey-paradşüvənliyi də. Amma dinşüvənlik ilk dəfədir ki, iqtidarda müşahidə olunur. Bu dinşüvənlik siyasətinin icraçısı kimi ATV kanalının seçilməsi isə ondan da təəccüblüdür. Söhbət efirində əsasən yarı-çılpaq qadınlara və seksual orientasiyası şübhə doğuran kişilərə üstünlük verən bir kanalın din təəssübkeşi rolunda gülünc görünməsindən getmir. İş ondadır ki, ATV-nin din siyasəti də əzəldən düşmənçi mahiyyət daşıyırdı. Yadınızdadırsa, 2010-cu ilin sonunda orta məktəblərdə hicab qadağası qüvvəyə minəndə, “dünyəvi dövlət” başlığı ilə onu əsaslandırmaq üçün silsiləvi süjetlər hazırlayan məhz ATV idi. AİP sədri Mövsüm Səmədov bu qadağaya qarşı məlum çıxışını etdikdə, onu “xarici qüvvələrin dəyirmanına su tökən radikal islamçı” kimi təqdim edən də ATV idi. Əksər dünya müsəlmanları tərəfindən İslam peyğəmbərinin (s) çağımızdakı xəlifəsi kimi qəbul edilən Seyyid Əli Xameneyiyə çəkilmiş təhqiredici karikaturanın görüntülərini də yayımlayan Rüstəm bəyin donuz ətini yeməsini həzm edə bilməyən ATV olmuşdur.
Dünyəvi dövlətdən söz düşmüşkən... Əgər iqtidar həqiqətən də iddia etdiyi kimi dünyəvi dəyərlərə sadiqdirsə, onda sırf dini qanunu pozduğu üçün Azərbaycan vətəndaşının ölkənin aparıcı telekanallarının birində aşağılamasını necə başa düşək? Hanı bəs qulaqlarımızı mozol etdiyiniz tolerantlıq? Hanı dini dözümlülük? Hanı demokratiya ən nəhayət?! Hərçənd professora “vətən xaini”, fəlsəfə dokturuna “narkoman”, hüquqşünasa “xuliqan” deyən bir zehniyyətin yeganə “Oskar” laureatlı kino xadimimizə “kafir” və “mürtəd” deməsi heç də şaşırdıcı deyil.
Əslində dünyanın ən qatı islamofob iqtidarlarından birinin İslama üz tutub siyasi rəqiblərinə qarşı “cihad”a keçməsi, onun nə qədər kritik və acınacaqlı vəziyyətdə olduğunu göstərir. Milli Şuranın yaradılması ilə iqtidarın təlaşı özünün kulminasiya nöqtəsinə çatdı. “İbrahimbəyov donuz ətini yedi, din əldən getdi, müxalifət kafir oldu!” şüarı ilə keçirilən “cihad”ın məhz Milli Şuranın sədrinə qarşı yönəlməsi bu fikiri bir daha təsdiq edir. Amma Rüstəm bəyə “podlojit svinyu” cəhdinin iflasa uğradığını qətiyyətlə söyləmək mümkündür. Çünki hicabı qadağan etmiş, azana, saqqala, dini mərasimlərə saysız-hesabsız məhdudiyyətlər qoymuş, bütün bunlara etiraz etdikləri üçün yüzlərlə alim və sıravi dindarı isə zindana atmış bir hökumətin din təəssübünə ağılı başında olan heç kəs inanmaz.
Beləliklə, din kartının iqtidar üçün məqsəd yox, vasitə olduğu gün kimi aydın olur. Qurani-Kərimin “Ənkəbut” surəsində deyildiyi kimi: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar”. Başqa ayədə isə deyilir: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!”.


Asim Məmmədov, Azadlıq qəzeti

Комментариев нет:

Отправить комментарий