воскресенье, 20 января 2013 г.

“Canqo” irqçiliyə qarşı bir manifestdir!


Nəhayət ki, dahi rejissör Kventin Tarantinonun intizarla gözlədiyimiz yeni filmi “Azad olunmuş Canqo” böyük ekranlara çıxıb. Əminliklə demək mümkündür ki, Kventin bu dəfə öz pərəstişkarlarını məyus etmədi. “Ceki Braun” və “Ölümün isbatı” kimi filmlərlə uğursuzluq yaşayan amerikalı rejissör üçün “Canqo” hələ də qocalmadığını göstərmək üçün əla fürsət oldu. Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan bu film maliyyə cəhətindən də sərfəli oldu. Belə ki, ekranlara çıxdıqdan cəmi 3 günün keçməsinə rəğmən, “Canqo” artıq 130 milyon dollar toplaya bilib.
Spaqetti-vestern janrında olan bu kinoəsərin əsas hədəfi tamaşaçıları əyləndirmək olsa da, Kventin siyasi mövzudan da yan keçmədi. Belə ki, eyni adlı zəncinin hekayəsi olan “Canqo” Amerikada vətəndaş müharibəsindən əvvəl hökm sürmüş quldarlıq rejimini bütün çılpaqlıqla ifşa edir. Canqonun arvadı Brumqilda (ona bu adı alman sahibləri mırta qoymuşdular) qəddarlığa görə bizim XIX əsr “ağa” və “bəy”ləri xatırladan Kelvin Kendinin evində qul həyatını sürür. Sevdiyi xanımı xilas etmək üçün Canqo “insan ovçusu” doktor Kinq Şultsla birləşir. Onlar qaydasız döyüşçüləri almaq bəhanəsilə Kelvinin evinə daxil olurlar. Şizofreniyanın yüngül formasından əziyyət çəkən Kelvin Canqo və Şults qarşısında ciddi maneə deyil, lakin Kendi ailəsinin neçə illik xidmətçisi olan qaradərili Stiven cütlüyün Brumqildanı qaçırtmaq planını ifşa edir. Qəzəblənən Kelvin Brumqildanı yalnız 12 min dollara satacağını bəyan edir. Bu vaxt isə ... ardını danışmayacağam. Çünki belədə filmi izləməyə marağınız qalmaz.
Qeyd etdiyim kimi, quldarlığın yaratdığı anti-insani fəsadlar mövzusu filmin ana xəttini təşkil edir. Tarantino özü bunu belə şərh edir: “Quldarlıq ölkəmin ən qara səhifələrini yazmış iyrənc və rüsvayçı bir fenomendir. Mövcud olduğu 245 illik tarixi ərzində quldarlıq elə faciələr yaratmışdır ki, bu millətin gələcək inkişafına təsir göstərib. Əgər quldarlıq olmasaydı, biz bugün tamam başqa bir xalq olardıq.” Səhnələrin birində Kelvin “ağa” ritorik sual verir: “Mən uşaqlıqdan zəncilərin əhatəsində böyümüşəm, amma bir şeyi başa düşmürəm: niyə onlar  bu qədər zülmü görə-görə, bizə qarşı üsyan qaldırıb, bizi kəsib-doğramırlar?” Öz sualına özü cavab verən Kelvin bunun səbəbini belə izah edir: zülmə tabeçilik zəncilərin qanındadır. Onun fikrinə görə, qaradərililər “ikinci sort” adamlardır. Bu cür irqçi düşüncənin nə qədər səhv olduğunu Kelvin yalnız hadisələrin sonunda anlayır. Lakin artıq gec idi ...
Sonda onu qeyd etmək istərdim ki, “Azad olunmuş Canqo” zəif ürəkli insanlar üçün nəzərdə tutulmayıb. Çünki filmdə əks olunmuş quldarların zəncilərə qarşı fiziki cəzaları hər adam rahat izləyə bilməz. Ümumi götürsək isə “Canqo”nu izləməyə dəyər. Həm irqçiliyin nə qədər çirkin bir fenomen olduğunu anlamaq üçün, həm də tamaşaçını qəmgin fikirlərdən biraz uzaqlaşdırmaq üçün verilmiş məzəli momentlərdən mənəvi həzz almaq üçün. İyi seyretmələr!

  Asim Məmmədov, Islamazeri.az

Комментариев нет:

Отправить комментарий