пятница, 19 октября 2012 г.

Liviyada yenidən vəziyyət gərginləşib


  Oktyabrın 20-də devrilmiş Liviya rəhbəri Müəmmər Qəddafinin faciəvi ölümündən bir ilin keçməsi tamam olur... Bu müddət ərzində Liviyada çox şey dəyişib və təəssüflə qeyd etməliyəm ki, mənfi tərəfə. İnflyasiyanın azlığına görə Ginessin Rekordlar Kitabına düşmüş ölkədən, ibtidai icma quruluşuna xas olan tayfalararası savaşlarda boğulan ölkə səviyyəsi(zliyi)nə qədər geriləyən Liviyada "Heyif Qəddafinin vaxtı..." deyən insanların sayı günü-gündən artır. Bu isə təbii ki, hökuməti və ölkənin bir çox şəhərini əsarət altına almış vəhhabi sözdə "islamçlarını" narahat etməməyə bilməz. Liviyada vəziyyətin yenidən gərginləşməsi də məhz bununla bağlıdır. Amma hər şey haqqında ardıcıllıqnan. Əvvəlcə Qəddafinin necə öldürülməsi barədə geniş oxucu kütləsinə az məlum olan bir neçə fakt açıqlamaq istərdim.
  Hər şey Müəmmərin Afrika muzdluları ilə birlikdə bir neçə həftə müddətində gizləndiyi sığınacağı tərk etmək istəməsi barədə məlumatın Amerikanın kəşfiyyat orqanlarına sızması ilə başlayıb. 2011-ci ilin oktyabrın 20-də səhər tezdən NATO hərbçiləri Liviya rəhbərini məhv etmək üzrə əməliyyatın həlledici mərhələsinə başlayırlar. Fransanın "Miraj" və Amerikanın "Predator" markalı qırıcı təyyarələri Qəddafinin doğma və eyni zamanda son şəhəri olan Sirtə doğru istiqamət götürürlər. Polkovnikin maşın kartejini görən kimi, demokratiya və insan hüquqlarının təntənəsi naminə qəhrəman Fransa pilotları 69 yaşlı köməksiz qocanı atəşə tuturlar və onu hər iki ayağından yaralayırlar. Hava hücumunun nəticəsində maşınlarda olan insanların demək olar ki hamısı yerindəcə həlak olur. Hamısı 20 nəfərdən başqa. Qəddafini astronomik məbləğ müqabilində Nigeriyaya qaçırtmağa söz vermiş afrikalı muzdlular isə sadəcə yoxa çıxırlar. NATO-çular sanki bilərəkdən onların maşınlarına atəş açmayaraq, afrikalılara rahatca aradan çıxmağa imkan yaradırlar. Kim bilir, bəlkə elə bu muzdlular Qəddafinin öldürülməsində həlledici rol oynayıblar. Çünki Qəddafinin yerini satacaq insan(lar)a 800 min ABŞ dollar vəd olunmuşdur...
  Hücumdan sonra Müəmmər Qəddafi və onun bir neçə yaxın silahdaşı - doğma oğlu Mötəsim, uşaqlıq dostu Əbu Bəkr Cabir Yunus və cangüdəni Mənsur Dao möcüzəvi şəkildə sağ qalırlar. Qəddafi hər iki ayağından yaralanmasına rəğmən, özü kənar müdaxiləsiz maşından çıxa bilir. O və silahdaşları təqibdən yaxa qurtarmaq üçün səhra ilə piyada irəliləməyə başlayırlar. Artıq arxadan atəş səsləri eşidilirdi. Qan içində olan Liviya rəhbəri kanalizasiya borusunda gizlənməyə cəhd göstərir. Təqibçilərdən biri - Ömran əl-Misrati (onun haqqında aşağıda daha ətraflı danışacağam) Qəddafini orada tapır. Təqibçilər yaralı polkovniki əsir götürürlər. Qəddafinin qəddarlığa görə misilsiz olan işgəncə kadrları bütün dünyaya yayılır. O kadrlarda Müəmmərin son anları əks olunur. Videoda polkovnik hələ huşunu itirməyib və hətta üsyançılara "Həram əleykum" ("Siz haramın nə olduğunu dərk etmirsiz") deyə səsləyir. Bundan sonra isə baş vermiş hadisələr heç bir insani anlayışlara sığmır. Üsyançların qəzəbli kütləsi Liviya rəhbərini sözün əsl mənasında parçalayır. Ağlını və ən əsası vicdanını itirmiş kütləni Qəddafinin qan içində olması və artıq təslim olduğunu da dayandırmır. 69 yaşlı polkovniki 4 saat müddətində işgəncələrə məruz qoyurlar və hətta arxadan bıçaqla zorlayırlar. Axırda üsyançılardan biri "rəhm" edərək, Qəddafiyə elə onun öz qızıl tapancasından qarın nahiyəsindən güllə vurur. 42 il müddətində Liviyaya rəhbərlik etmiş Müəmmər Qəddafi üçün bu güllə həlledici olur...
  Qərbdə Qəddafinin öldürülməsi sevinclə qarşılansa da (Hillari Klintonun qətlin videosunu izləyərkən, şeytani gülüşü hələ də yaddaşlardan silinməyib), Liviya xalqının özü heç də bayram etməyə tələsməyib. Çünki çox gözəl başa düşürdülər ki, Qəddafisiz Liviyanı nələr gözləyir. Və hadisədən bir ilin keçməsindən sonra, artıq əminliklə demək mümkündür ki, onların ən bədbin proqnozları düz çıxıb. Liviya hal-hazırda de-fakto tayfalar və quldur dəstələr arasında savaş meydançasına çevrilib, başda neft olmaqla ölkənin təbii sərvətləri isə Amerikanın, Fransanın, İtaliyanın və İsrailin əllərinə keçib. Bu da əlbəttə ki, nə əhalinin əksəriyyətini təşkil edən Qəddafiyə sadiq qüvvələri, nə də ki "17 fevral inqilabınn" beşiyi olan Benqazidə məskən salmış əl-Qaidəçi vəhhabiləri qane edir. Vəhhabilər Qəddafinin devrilməsində iştirakı müqabilində Liviyada şəriətin Səudiyyə tipli versiyasının rəsmiyyətə alınmasını tələb edirdilər. O vaxt hələ hökumətdə olmayan Milli Keçid Şurası bu tələbi gerçəkləşdirəcəyinə söz versə də, iqtidar başına gələndən dərhal sonra, elə inqilabın ilk ildönümündə Tripolidə əxlaqsız striptiz-şounu təşkil etdi. Bu da sizə şəriət! Spirtli içkiləri və qumar oyunlarını gadağan etmiş, amma buna rəğmən daima vəhhabilər tərəfindən tənqidə məruz qalmış Qəddafinin vaxtında paytaxtın mərkəzində bu cür pozğunluğu təşkil etmək barədə heç kim düşünməyə belə cürət eləməzdi. Belə də vəhhabi "islamçılar" da hökumətə qarşı müxalif cərgəyə keçdilər.
   Və bu üç qüvvənin (hökumət-islamçılar-qəddafiçilər) arasında, keçən məqaləmdə (“Yeni Xəbər” qəzeti, № 27, 6 oktyabr 2012-ci il)  proqnoz etdiyim kimi, hərbi qarşıdurmaların başlanması heç də təəccüblü deyil. Artıq qəddafiçilərin alınmaz qalası sayılan Bəni-Vəlidin yaxınlığında döyüşlər başlayıb və şəhər müdafiə nazirliyinin himayəsiylə hücuma keçən Misurata quldur dəstələri tərəfindən blokadaya salınıb. Bəhanə kimi isə Bəni-Vəliddə əks-inqilabi qüvvələrin cəmləşməsi və Qəddafini kanalizasiya borusunda tapmış və bu səbəbdən “Milli qəhrəman” elan edilmiş Ömran əl-Misratinin orada öldürülməsi göstərilir. Şəhərə hücum edən quldur dəstələrinin başçısı Xalid əl-Əşlam bunları deyib: “Bəni-Vəlidin 99%-i hökumətin nəzarəti altında deyil. Bu şəhər Liviya üçün xərçəng xəstəliyi kimidir. Əgər hökumət güc nümayiş etdirməsə, etirazlar Kufraya, Tarxunaya, Marzukaya və digər qəddafipərəst şəhərlərə də yayılacaq. Bəni-Vəliddə inqilabın üç rənqli bayrağları dalğalanmır, yalnız yaşıl bayrağlardır. Yüzlərlə hərbi cinayətkar orada gizlənir. İnqilabı tamamlamaq üçün, biz onları tutmalıyıq.”
  Artıq Bəni-Vəlidin sakinlərinə qarşı kimyəvi silahlardan da istifadə olunur. Facebook sosial şəbəkəsindən tanıdığım Əli adlı Bəni-Vəlidli dostum mənim Azərbaycandan jurnalist olduğumu biləndən sonra, yalvararaq xahiş edib ki, orada baş verən insanlıq faciəsi haqqında azərbaycanlı oxuculara məlumat verim. Yaxşısı onun sözlərini elə öz dilindən eşidəsiniz: “Niyə dünya ölkələri, BMT, Afrika Birliyi susurlar?! Misuratalı quldurlar bizə qarşı kimyəvi silahdan və zəhərli qazlardan istifadə edərək, uşaqlarımızı, qadınlarımızı, qocalarımızı öldürürlər. Niyə mətbuat susur?! Onların ağzını kim bağlayıb?! Nəyi gözləyirsiniz?! Bəni-Vəliddə ikinci Xocalının yaşanmasını?!” Sıravi Liviya vətəndaşının Xocalı soyqırımı haqqında məlumatlı olması məni yaxşı mənada təəccübləndirdi. Bu da Liviyada Qəddafinin vaxtında təhsilin hansı səviyyədə olmasını əyani şəkildə göstərir... Bəlkə elə bu səbəbə görə onun xahişini yerə sala bilmədim. Və ümüdvaram ki, məsul təşkilatlar hadisələrə müdaxilə edərək, yeni soyqırımın baş verməsini əngəlləyəcək. Hərçənd qurddan qoyunlara rəhm etməsini gözləmək bir qədər sadəlövlükdür....
  Bu arada Liviya hökuməti bildirib ki, oktyabrın 20-si, yəni Qəddafinin öldürülməsi günü ölkə ərazisində kommendant saatı elan olunacaq. Liviyanın hökumət yönümlü “Libya Gerald” qəzetinin yazdığı kimi: “Qəddafiyə matəm mərasimlərinin təşkil edilməsinə mane olmaq üçün.” Buna baxmayaraq, Sirtdə artıq Qəddafi dövrünün əfsanəvi şüarı – “Allah, Müəmmər, Liviya və bəs” səsləndirilirməyə başlayıb. Hökumət yönümlü Liviya KİV-ləri yazırlar ki, “Sirt camaatı keçmiş rejimin şüarlarını səsləndirməklə, oraya ezam olunmuş misuratalı əsgərlərini lağa qoyurlar.” Liviya gəncləri bildirirlər ki, oktyabrın 20-də kommendant saatı da onlara Qəddafinin matəm mərasimin keçirtməyə mane ola bilməyəcək. Bəs görəsən 42 il müddətində öz xalqına amansızlıqla zülm yapmış diktatorun xatirəsini niyə bu xalq əziz tutur və ona matəm saxlamağa can atır?.. Ağıl sahibləri üçün cavab məncə aydındır: çünki Qəddafi diktator deyildi!

  Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий